Xəbər lenti

Ukrayna ərazilərindən imtina etməyəcək: Zelenski Putinlə görüşə hazırdır
Dünya15:17 01.11.2026

Ukrayna ərazilərindən imtina etməyəcək: Zelenski Putinlə görüşə hazırdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiyanın işğalı altında olan ərazilərini, o cümlədən Krımı Rusiyanın tərkib hissəsi kimi tanımayacağını bəyan edib.

Qaynarinfo xəbər verir ki, Zelenski bu barədə Türkiyəyə səfəri zamanı “CNN Türk” telekanalına müsahibəsində danışıb.

O bildirib ki, Ukraynanın şərq ərazilərinin və Krımın Rusiyaya məxsus olduğunu qəbul etmək ölkənin konstitusiyasına, milli qüruruna və cəmiyyətin iradəsinə ziddir. Prezidentin sözlərinə görə, Moskva bu tələblərini müxtəlif vasitəçilər vasitəsilə Kiyevə çatdırmağa çalışır, lakin belə yanaşma nə məntiqli, nə də qəbulolunandır.

Zelenski hazırkı mərhələdə əsas prioritetin mövcud cəbhə xətti boyunca atəşkəsə nail olmaq olduğunu vurğulayıb. Onun sözlərinə görə, bundan sonra digər məsələlərin müzakirəsinə başlamaq mümkündür.

Ukrayna lideri sülh danışıqlarında enerji infrastrukturu, dənizdə atəşkəs və əsir mübadiləsi kimi mövzuların da gündəmdə olacağını bildirib. Liderlər səviyyəsində keçiriləcək görüşün əsas məqsədi isə qeyd-şərtsiz və tam atəşkəsə nail olmaq, eləcə də onun icrasına nəzarət edəcək güclü mexanizm yaratmaqdır.

Zelenski təhlükəsizlik zəmanətlərinin də vacibliyinə diqqət çəkib. O qeyd edib ki, müharibənin qurbanı Ukrayna olduğu üçün bu cür təminatlara ən çox ehtiyacı olan tərəf də Kiyevin özüdür.

Prezident Türkiyənin Rusiya ilə Ukrayna arasında danışıqlarda tərəfsiz, praktik və realist vasitəçi rolunu oynaya biləcəyini də söyləyib. Onun sözlərinə görə, Ankara ilə münasibətlər yaxşıdır və Türkiyə həm Ukraynanın suverenliyini, həm də ərazi bütövlüyünü dəstəkləyir.

Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Türkiyədə görüşməyə hazır olduğunu da açıqlayıb. O hesab edir ki, texniki qrupların və nümayəndə heyətlərinin danışıqları nəticə vermədiyi halda, yekun qərarları qəbul edən liderlərin birbaşa görüşməsi müharibənin dayandırılması istiqamətində irəliləyişə səbəb ola bilər.

Aydın