
Dünyanın ən tanınmış milyarderlərindən biri olan Uorren Baffet qeyri-adi qidalanma vərdişi ilə gündəmə gəlib. 96 yaşlı investorun 48 ildir adi su içmədiyini söyləməsi həmsöhbətini belə təəccübləndirib.
Qaynarinfo xəbər verir ki, “Business Insider” nəşrinin məlumatına görə, bu barədə milyarder Bill Akman investisiya podkastında danışıb.
Akmanın sözlərinə görə, o, bir dəfə Baffeti evində şam yeməyinə dəvət edib. Süfrə arxasında qonağına qazsız və ya mineral su təklif etsə də, milyarder bundan imtina edərək sevimli qazlı içkisini istəyib. Akman ondan niyə su içmədiyini soruşduqda isə Baffet belə cavab verib: “Bill, 48 ildir su içmirəm”.
Gündə beş banka qazlı içki içir
Baffetin bu açıqlaması onun uzun illərdir məlum olan qidalanma vərdişləri ilə də diqqət çəkir. Milyarder gündə təxminən beş banka qazlı içki qəbul etməsi ilə tanınır. O, 2015-ci ildə gündəlik kalorisinin təxminən dörddə birinin bu içkinin payına düşdüyünü zarafatla bildirmişdi.
İnvestorun qazlı içkilərə marağı onilliklər əvvələ gedib çıxır. O, 1986-cı ildə şirkətinin illik toplantısında 48 illik içki vərdişini dəyişdiyini açıqlamış, həmin vaxtdan etibarən albalı dadlı qazlı içkiyə üstünlük verməyə başlamışdı.
Qidalanma seçimləri də diqqət çəkir
Baffetin qeyri-adi vərdişləri yalnız içkilərlə məhdudlaşmır. O, səhər yeməyində tez-tez hamburgerə üstünlük verir. Sevdiyi qidalar arasında sosiska, kartof fri, popkorn, peçenye, şirniyyat və dondurma da var.
1995-ci ildə Çinə 17 günlük səfəri zamanı milyarderin qida seçimləri nəzərə alınaraq xüsusi hazırlıq görülüb. Yaxın dostu Bill Qeyts və həyat yoldaşı Melinda onun sevdiyi yeməklərdən məhrum qalmaması üçün səfər etdiyi otelin aşpazlarına hamburger və kartof fri hazırlamağı öyrədiblər. Çin səddinə səfəri zamanı isə Baffeti sevimli albalı dadlı qazlı içkisi gözləyib.
Qeyd edək ki, Uorren Baffet təxminən 60 il rəhbərlik etdiyi investisiya şirkətinin baş icraçı direktoru vəzifəsindən ötən ilin dekabrında ayrılıb. Bu ilin sentyabrında isə idarə heyətinin sədri postunu da tərk edib.
Aydın