
Şotlandiyanın Şetland adalarının Rusiya ilə bağlı təhlükəsizlik riskləri səbəbindən daha güclü hərbi müdafiəyə ehtiyacı olduğu bildirilir. Yerli rəsmilər regionda hərbi mövcudluğun artırılmasını və Atlantik okeanında Britaniya qüvvələrinin fasiləsiz fəaliyyət göstərməsini istəyirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Sunday Times” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, “The Telegraph” qəzetinin məlumatlarında Rusiya kommersiya balıqçı gəmilərinin Böyük Britaniya, Avropa və ABŞ-ı birləşdirən fiber-optik rabitə xətlərinin yaxınlığında 500-dən çox dəfə müşahidə edildiyi qeyd olunur. Bu hallar sualtı kommunikasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Bundan başqa, Şetland adalarının Unst adasında yerləşən Saksavord kosmodromunun raket və peyk texnologiyalarının da mümkün müdaxilələrə qarşı həssas olduğu bildirilir.
Orkney və Şetland adalarını Britaniya parlamentində təmsil edən Liberal Demokratlar Partiyasının deputatı Alister Karmaykl Rusiya gəmilərinin bölgədə daha tez-tez görünməsini və yerli telekommunikasiya sistemində yaranan fasilələri təhlükəsizlik baxımından ciddi siqnal kimi qiymətləndirib. O, Atlantik okeanında Britaniya hərbçilərinin gecə-gündüz mövcudluğunun təmin edilməsinə çağırıb.
Şotlandiyanın birinci naziri Con Suinneyin xarici təhlükələrlə bağlı xəbərdarlıqları isə Britaniya hökumətində mübahisəyə səbəb olub. Müdafiə naziri Ues Stritinq bu açıqlamaları əsassız adlandırıb.
Böyük Britaniya Müdafiə Nazirliyi isə ölkənin təhlükəsizliyinin gücləndirilməsi üçün dörd il ərzində 298 milyard funt sterlinq investisiya yatırılacağını açıqlayıb. Bundan əlavə, yeni freqatların və pilotsuz gəmilərin də daxil olduğu 1,5 milyard funt sterlinq dəyərində “hibrid hərbi donanma” layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Aydın