
Hollivudun tanınmış simalarından olan, iki dəfə “Oskar” mükafatına layiq görülmüş Cessika Lenq aktyorluq fəaliyyətini başa vurmağı düşündüyünü açıqlayıb. 77 yaşlı aktrisa buna səbəb kimi onu maraqlandıran keyfiyyətli rolların getdikcə azalmasını göstərib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Hürriyet” nəşri yazıb.
Aktrisa “Rolling Stone” jurnalına müsahibəsində artıq karyerasının sonuna yaxınlaşdığını hiss etdiyini bildirib. Bununla belə, o, bu sonluğun heç də pis olmayacağını düşündüyünü də qeyd edib.

Lenqin sözlərinə görə, hazırda üzərində işlənən, lakin reallaşıb-reallaşmayacağı bəlli olmayan bir neçə layihə var. O, maraq göstərdiyi filmlərin ərsəyə gəlməsinin əvvəlki illərlə müqayisədə çətinləşdiyini vurğulayıb.
Aktrisa sənət fəaliyyəti ilə bağlı necə xatırlanmaq istədiyi barədə suala isə belə cavab verib: “Yaxşı rollarla, yaxşı filmlərlə və dürüst bir aktrisa kimi xatırlanmaq istəyirəm”.

Qeyd edək ki, Cessika Lenq kino karyerasına 1976-cı ildə çəkildiyi “King Kong” filmi ilə başlayıb. O, “Tootsie” və “Blue Sky” filmlərindəki rollarına görə iki dəfə “Oskar” mükafatını qazanıb. Bundan başqa, aktrisa üç dəfə “Emmy” mükafatına layiq görülüb.
Lenq sonuncu dəfə “American Horror Story” serialının 13-cü mövsümündə ekranlara çıxıb. O, kino ilə yanaşı, teatr fəaliyyəti və fotoqrafiya sahəsində də tanınır. Aktrisanın beş fotoalbomu nəşr olunub.
Aydın