
Saçlara düzgün qulluq etmək üçün yağ seçərkən onların quruluşunu, qalınlığını və mövcud vəziyyətini nəzərə almaq lazımdır. Uyğun vasitələr saçların qabarmasını azalda, onlara parlaqlıq verə və daranmasını asanlaşdıra bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə stilist Aleksandr Avanesov gazeta.ru-ya açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, nazik saçlar üçün arqan yağı tərkibli, yüngül və yuyulmadan istifadə edilən vasitələr daha uyğundur. Yağı əvvəlcə ovuclar arasında yaymaq, sonra isə saçların uclarına çəkmək tövsiyə olunur. Həddindən artıq istifadə saçları ağırlaşdıraraq onların həcmini azalda bilər. Baş dərisi yağlı olan şəxslər isə vasitəni köklərə deyil, saçların uzunluğuna tətbiq etməlidirlər.
Quru, qalın, buruq və rəngi açılmış saçlara daha intensiv qulluq lazım ola bilər. Avanesov bu zaman arqan və jojoba yağlarını, həmçinin yuyulmadan əvvəl istifadə edilən kokos yağını tövsiyə edib. Onun sözlərinə görə, kokos yağı saçlarda zülal itkisini, o cümlədən zədələnmiş tellərdə bu itkini azaltmağa kömək edir. Bununla belə, saf kokos yağı saçları ağırlaşdıra bildiyindən istifadə miqdarı fərdi seçilməlidir.
Tez həcmini itirən saçlar üçün üzüm çəyirdəyi yağı tərkibli yüngül vasitələr münasibdir. Qalın, sərt və məsaməli saçlara isə badam və avokado yağları ilə qulluq etmək olar. Badam yağı saçları yumşaldır, daranma zamanı sürtünməni və qabarmanı azaltmağa kömək edir. Avokado yağı isə xüsusilə boyanmış və rəngi açılmış saçlara qulluq üçün istifadə edilə bilər.
Stilist yağı az miqdarda, saçların orta hissəsindən uclarına doğru çəkməyi məsləhət görüb. Yuyulmadan əvvəl tətbiq edilən yağın saçda 20-60 dəqiqə saxlanılması, daha sonra şampunla yuyulması mümkündür. Fen və ya saç düzləşdiricisindən istifadə zamanı isə yağdan əlavə, ayrıca istilikdən qoruyucu vasitə tətbiq edilməlidir.
Avanesov payız-qış aylarında quru hava və istilik sistemlərinin saçlarda elektriklənmə və qabarmanı artıra biləcəyini də vurğulayıb. Bu dövrdə saç uclarına daha müntəzəm yağ çəkmək və hər yuyulmadan sonra kondisionerdən istifadə etmək faydalı ola bilər.
Aydın