
Bakıda fərdi evin qarşısından dəmir qapı oğurlayan şəxs 23 gün müddətinə inzibati qaydada həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1972-ci il təvəllüdlü, Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydiyyatda olan D.F. Binəqədi rayonunun Hökməli qəsəbəsində oğurluq hadisəsi törədib.
Belə ki, D.F. fərdi evin darvazası yanında saxlanılan dəmir qapını götürüb. Hadisə nəticəsində ev sahibinə 250 manat maddi ziyan dəyib.
Araşdırma zamanı məlum olub ki, D.F. qapını sahibsiz hesab etdiyi üçün götürüb və 30 manata satıb. O, məhkəmədə kirayə haqqını ödəmək üçün bu addımı atdığını və əməlindən peşman olduğunu bildirib.
Məhkəmə ziyanın ödənilməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını və əməlin yardıma möhtac şəxsə qarşı törədilməsini nəzərə alıb.
Qərara əsasən, D.F. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək 23 gün müddətinə inzibati qaydada həbs edilib. Həbs müddəti onun saxlanıldığı vaxtdan hesablanacaq.
Aydın