
Fransanın sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen prezident Emmanuel Makronun hakimiyyətinin sona yaxınlaşmasını sərt tənqid edib. O, Makronun siyasi fəaliyyətinin son mərhələsinin olduqca acınacaqlı göründüyünü bildirib.
Qaynarinfo xəbər verir ki, Le Pen bu fikirləri Fransada 2027-ci il dövlət büdcəsi layihəsinin parlamentdə rədd edilməsini şərh edərkən səsləndirib.
Siyasətçinin sözlərinə görə, Makron büdcə layihəsinin qəbul edilməməsi baxımından da rekord qırıb. O vurğulayıb ki, sənədə hətta prezidentin öz deputatları belə dəstək verməyib.
“Emmanuel Makron, görünür, bütün mümkün rekordları qırıb. O cümlədən büdcənin rədd edilməsi ilə bağlı. Layihəyə heç kim, hətta onun öz deputatları belə səs verməyib. Bütün bunlar onun hakimiyyətinin sonunun, açıq desək, olduqca acınacaqlı göründüyünü göstərir”, Le Pen qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl Fransa Milli Assambleyası 2027-ci ilin dövlət büdcəsi layihəsini ilk oxunuşda qəbul etməyib. Səsvermə zamanı 458 deputat sənədin əleyhinə çıxıb. Qərar parlamentdə büdcə ilə bağlı ciddi fikir ayrılıqlarının olduğunu göstərib.
Qeyd edək ki, Fransada prezident seçkiləri 2027-ci il aprelin 18-nə təyin edilib. Zərurət yaranacağı təqdirdə, ikinci tur mayın 2-də keçiriləcək. İki müddət ardıcıl prezident vəzifəsini tutduğu üçün Emmanuel Makron növbəti seçkilərdə iştirak edə bilməyəcək.
Aydın