Xəbər lenti

Şirvanda yolların təmirinə yarım milyon manat ayrıldı
Ekonomiks19:00 06.11.2026

Şirvanda yolların təmirinə yarım milyon manat ayrıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şirvan Şəhər İcra Hakimiyyəti şəhər ərazisində yolların əsaslı təmiri işləri ilə bağlı “Mühəndis Yol Təmir Tikinti” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo.az xəbər verir ki, müqavilənin maliyyə dəyəri 505 min 372,83 manat təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Mühəndis Yol Təmir Tikinti” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 658 min 20 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Əlağa Kürçaylı küçəsi, ev 7, mənzil 45-dir. Qanuni təmsilçisi Səfərov Rafiq İbrahim oğludur.

Açıq mənbələrdə şirkətin fəaliyyəti və qanuni təmsilçisi barədə geniş məlumat yoxdur.

“Mühəndis Yol Təmir Tikinti” MMC dövlət satınalmalarında fəal iştirak edən şirkətlərdəndir. Müxtəlif rayonlarda yol tikintisi və təmiri işləri ilə bağlı keçirilən satınalmalarda şirkətin adına tez-tez rast gəlinir.

Məsələn, bu ilin sentyabrında Hacıqabul Rayon İcra Hakimiyyətinin Hacıqabul şəhərində yolların əsaslı təmiri ilə bağlı keçirdiyi satınalmanın da qalibi bu şirkət olub. Həmin işlərin görülməsi üçün 505 min 480,72 manat dəyərində müqavilə bağlanıb. Bundan başqa, Xaçmaz Rayon İcra Hakimiyyəti də bu il Xaçmaz və Xudat şəhərlərində avtomobil yollarının əsaslı təmiri işlərini şirkətə həvalə edib. Bu satınalmanın dəyəri 1 milyon 158 min 918,36 manat təşkil edib.

Beləliklə, təkcə qeyd olunan üç satınalma üzrə “Mühəndis Yol Təmir Tikinti” MMC ilə bağlanan müqavilələrin ümumi dəyəri 2 milyon 169 min 771,91 manata çatır.

Bundan başqa, media resurslarında “Mühəndis Yol Təmir Tikinti” MMC-nin Quba rayonunun keçmiş icra başçısı Ziyəddin Əliyevlə əlaqəli olduğu barədə iddialar yayılıb. Bəzi media materiallarında şirkətin faktiki olaraq sabiq icra başçısına bağlı olduğu irəli sürülüb. Bununla belə, həmin əlaqəni təsdiqləyən açıq rəsmi məlumat yoxdur.

Şirvan Şəhər İcra Hakimiyyətinin yolların əsaslı təmirinə ayırdığı 505 min manatdan artıq vəsait fonunda görüləcək işlərin həcmi və keyfiyyəti də diqqət çəkir.

Seyid