Xəbər lenti

"Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər
Ölkə18:17 07.11.2026

"Şamaxinka"da beş və doqquzmərtəbəli binalar sökülə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhərinin əsas nəqliyyat qovşaqlarından biri olan Şamaxinka və “20 Yanvar” metrostansiyasının ətrafında sərnişin sıxlığının azaldılması, avtobusların hərəkətinin optimallaşdırılması istiqamətində tədbirlər görülür. AYNA-nın məlumatına görə, noyabrın 2-dən etibarən 102, 130, 142 və 159 nömrəli marşrutlar Moskva prospektindəki “14 saylı notariat ofisi”nin yanındakı dayanacaq məntəqəsindən çıxarılıb və sərnişinlər alternativ dayanacaqlara yönləndirilib. Bundan əvvəl də 114A, 114B, 500, 503 və 508 nömrəli marşrutlar “14 saylı notariat ofisi”nin yanındakı dayanacaqdan çıxarılıb.

Bəs marşrutların alternativ dayanacaqlara yönləndirilməsi Şamaxinkadakı sıxlığın azaldılması üçün kifayət edəcəkmi?

Əsas hərəkət intensivliyi Sumqayıt-Bakı istiqamətindədir

Nəqliyyat eksperti Rauf Ağamirzəyevin sözlərinə görə, ən yüksək avtomobil hərəkəti intensivliyi Sumqayıt-Bakı istiqamətində qeydə alınır: “Şəhərə giriş nöqtələrində, xüsusilə şimal istiqamətində nəqliyyat sıxlığı problemi aktuallığını qoruyur. Abşeron yarımadasının ən sıx məskunlaşmış yaşayış məntəqələri Bakı, Xırdalan və Sumqayıtdır. Bu yaşayış məntəqələrinin eyni istiqamətdə yerləşməsi nəqliyyat yükünü artırır. Sərnişinlərin böyük hissəsini daşıya biləcək ictimai nəqliyyat növlərinin intensiv fəaliyyəti təmin olunmadığından insanlar fərdi avtomobillərə və qeyri-qanuni sərnişindaşıma xidmətlərinə üz tuturlar. Relsli nəqliyyatın kifayət qədər intensiv işləməməsi də avtobusların üzərinə əlavə yük salır. Çoxsaylı avtobusların eyni nöqtədə cəmləşməsi isə sıxlığı daha da artırır”.

“Dayanacaqların avtobusların sayına uyğun təşkili vacibdir”

R.Ağamirzəyev bildirdi ki, Şamaxinkadan “20 Yanvar” istiqamətində piyada infrastrukturunun yaxşılaşdırılması, hərəkətə mane olan baryerlərin aradan qaldırılması və dayanacaqların avtobusların sayına uyğun təşkili vacibdir: “Bir neçə avtobusun eyni vaxtda dayanacağa yaxınlaşdığı ərazilərdə uzun platformalar yaradılmalı, ərazinin imkan verdiyi hallarda avtobusların iki, hətta üç cərgədə dayanması nəzərdən keçirilməlidir. Eyni zamanda, “20 Yanvar” dairəsində piyada zolaqları ilə təchiz olunmuş keçidlər təşkil edilməli, səkilər abadlaşdırılmalı və piyada hərəkəti üçün daha qısa keçidlər yaradılmalıdır”.

Ekspertin fikrincə, ərazidə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olanların fəaliyyətinin qarşısının alınması da vacibdir. Sərnişinlər şəhərətrafı marşrutlardan rahat şəkildə düşüb metroya və ya digər marşrutlara keçə bilməlidirlər: “Bunun üçün hasarların optimallaşdırılması, məhəllə girişlərinin səki səviyyəsinə qaldırılması kimi tədbirlər də görülə bilər. Uzunmüddətli perspektivdə Abşeron dairəvi dəmir yolu xəttində qatarların 15-20 dəqiqəlik intervalla hərəkəti təmin olunmalıdır. Bunun üçün yük və sərnişin daşımaları bir-birindən ayrılmalı, rabitə və işarəvermə sistemləri, rəqəmsal dispetçer xidməti təkmilləşdirilməli, qatarların sayı artırılmalıdır”.

“Şamaxinka Bakının əsas giriş-çıxış nöqtələrindən biridir”

Nəqliyyat eksperti Aslan Əsədov isə bildirdi ki, Şamaxinkada problemin başlıca səbəbi nəqliyyat axınının düzgün bölüşdürülməməsidir: “Şamaxinka Bakının əsas giriş-çıxış nöqtələrindən biridir. Dairəvi yoldan hərəkət edən nəqliyyat vasitələrinin də şəhərə daxil olmaq üçün bu ərazidən istifadə etməsi nəqliyyat yükünü artırır. Alı Mustafayev küçəsi, Moskva prospekti, Müzəffər Həsənov küçəsi, Asif Məhərrəmov və 20 Yanvar küçələri kimi müxtəlif istiqamətlərdən nəqliyyat vasitələrinin əraziyə daxil olması qarışıqlıq yaradır”.

“Yollar genişləndirilməlidir”

A.Əsədovun sözlərinə görə, problemin həlli üçün avtomobil yollarının və avtobus zolaqlarının genişləndirilməsi, avtobusların hərəkət qrafiklərinin təyinat istiqamətlərinə uyğun tənzimlənməsi lazımdır: “Moskva prospektinin Şamaxinkadan “20 Yanvar” metrostansiyasına qədər uzanan hissəsində, xüsusilə sağ tərəfdə yolun təxminən dörd metr genişləndirilməsi mümkündür. Kinostudiya istiqamətində də bu cür genişləndirmə aparıla bilər. Bundan başqa, Moskva prospektinin sağ və sol tərəflərindəki köməkçi yollarda nəqliyyat vasitələrinin sərbəst giriş-çıxışı təmin edilməlidir. Bu, Tbilisi prospektinə çıxış, Həsən bəy Zərdabi prospekti və Salamzadə küçəsi, həmçinin Şamaxinka – “20 Yanvar” istiqamətində Asif Məhərrəmov, 20 Yanvar və Mir Cəlal küçələrinə çıxışlar baxımından da əhəmiyyətlidir”.

“Avtobus dayanacaqda uzun müddət qalmamalıdır”

Ekspertin fikrincə, AYNA-nın bəzi marşrutları digər dayanacaqlara yönləndirməsi effektiv həll yolu deyil: “Əsas məqsəd sərnişinlərin avtobuslara daha sürətli minib-düşməsini təmin etmək olmalıdır. Avtobus dayanacaqda uzun müddət qalmamalı, sərnişinlər minib-düşdükdən sonra hərəkətini davam etdirməlidir. Pik saatlarda sərnişin axınının idarə olunması üçün yalnız avtobuslardan istifadə etmək düzgün deyil. Taksilər üçün xüsusi minib-düşmə zonaları yaradılmalı, bu zonaların uzunluğu ən azı 10 metr olmalıdır. Əvvəllər sərnişin daşımalarında istifadə olunan kiçik və orta tutumlu avtobuslar da pik saatlarda sərnişin axınının bölüşdürülməsinə kömək edirdi. Həmin nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması nəqliyyat sistemində əlavə yüklənməyə səbəb olub”.

A.Əsədov bildirdi ki, uzunmüddətli həll kimi yeni yolların çəkilməsi, tramvay xətlərinin bərpası, metro stansiyalarının sayının artırılması və dəmir yolu şəbəkəsinin genişləndirilməsi vacibdir: “Bununla yanaşı, Bakıətrafı qəsəbələr arasında birbaşa avtobus əlaqələri yaradılmalıdır. Hazırda qonşu qəsəbələr arasında birbaşa marşrutun olmadığı hallar var. Sakinlər məcburən “20 Yanvar” istiqamətinə gedərək oradan başqa nəqliyyat vasitəsinə minirlər. Bu da şəhərin əlavə yüklənməsinə səbəb olur. Şamaxinkada yol infrastrukturunun genişləndirilməsi üçün yaxınlıqdakı beşmərtəbəli və doqquzmərtəbəli binaların sökülməsi variantı da təklif olunur”.

Mənbə: "Kaspi" qəzeti