
İnsanların acı dadına baxmayaraq qəhvəyə üstünlük verməsinin elmi izahı tapılıb. Məlum olub ki, beynin dad hissini qidanın qidalandırıcı xüsusiyyətləri ilə əlaqələndirən xüsusi mexanizmi var. Bu proses zamanla insanın əvvəllər sevmədiyi dadlara belə alışmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri Kaliforniya Universitetinin alimlərinin araşdırmasına istinadən məlumat yayıb.
Tədqiqatçılar müəyyən ediblər ki, bağırsaqdan beyinə ötürülən ləng dopamin siqnalları qidanın qida dəyərinin öyrənilməsində mühüm rol oynayır. Araşdırmanın nəticələri “Nature” elmi jurnalında dərc olunub.
Alimlər beynin ventral tegmental nahiyəsində (VTA) yerləşən dopamin istehsal edən neyronlarla bazolateral amigdalanın ön hissəsi arasında əlaqə müəyyən ediblər. Bu sinir yolu beyinə qidanın dadı ilə onun qidalandırıcı xüsusiyyətlərini əlaqələndirməyə imkan verir.
Mexanizmi araşdırmaq üçün alimlər siçanlar üzərində təcrübə aparıblar. Heyvanların mədəsinə birbaşa qlükoza tərkibli su və süd kokteylinə bənzər maye yeridilib. Bununla dad reseptorları kənarda saxlanılaraq orqanizmin qida maddələrinə reaksiyası öyrənilib.
Nəticədə qida maddələri həzm sisteminə daxil olduqdan sonra beynin müəyyən nahiyəsində uzunmüddətli dopamin ifrazı müşahidə edilib. Tədqiqatçılar həmçinin sinir liflərini süni şəkildə stimullaşdırdıqda siçanların kalori daşımayan müəyyən dadlara da üstünlük verməyə başladığını aşkar ediblər.
Alimlərin fikrincə, bu mexanizm insanların zamanla qəhvə kimi acı məhsulları sevməsini də izah edə bilər. Belə ki, beyin qəhvənin dadını kofeinin yaratdığı ayıqlıq və enerji hissi ilə əlaqələndirir.
Tədqiqatçılardan Zakari Naytın sözlərinə görə, beyin insanın sevdiyi qəhvənin dadını kofeinin stimullaşdırıcı təsiri ilə əlaqələndirməyi öyrəndikdən sonra həmin içki ona daha ləzzətli gəlməyə başlayır.
Araşdırmanın nəticələrinin gələcəkdə insanların qida seçimlərini və yemək vərdişlərini məqsədyönlü şəkildə dəyişdirməyə kömək edə biləcəyi bildirilir.
Aydın