
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə təkcə ərazi bütövlüyünün bərpası ilə nəticələnmədi, həm də Cənubi Qafqazın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açdı. Uzun illər regionun əsas güc mərkəzi hesab olunan Rusiyanın təsir imkanları zəiflədi, Türkiyənin mövqeləri möhkəmləndi, ABŞ-ın bölgədə iştirakı üçün yeni imkanlar yarandı. Azərbaycan isə müharibədən qalib çıxaraq regional və beynəlxalq müstəvidə siyasi çəkisini artırdı.
Bəs 44 günlük müharibə regionda güc balansını necə dəyişdi? Azərbaycanın regional liderlik mövqeyi hansı siyasi imkanlar hesabına möhkəmləndi? Ermənistan, Rusiya, Türkiyə və İranın Cənubi Qafqazdakı mövqeləri bu prosesdən necə təsirləndi?
Siyasi şərhçi Natiq Miri Qaynarinfo-ya açıqlamasında bildirib ki, 44 günlük müharibəyə qədər Cənubi Qafqaz Rusiyanın təsir dairəsi hesab olunurdu.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi Moskvanın region ölkələrinə təsir göstərmək üçün istifadə etdiyi əsas mexanizmlərdən biri idi. Müharibədən sonra yaranan yeni reallıqlar isə bu mexanizmin əvvəlki təsirini itirməsinə səbəb oldu:
“Lakin 44 günlük Vətən müharibəsi bu vəziyyəti dəyişdi. Sovet İttifaqı dövründə, daha sonra isə onun varisi olan Rusiya tərəfindən yaradılan və idarə edilən münaqişələrin ən böyüyü - Qarabağ münaqişəsinin hərbi mərhələsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycan ərazi bütövlüyünü bərpa etmək istiqamətində həlledici nəticə əldə etdi, sonrakı mərhələdə isə suverenliyini bütün ərazisi üzərində təmin etdi".
Siyasi təhlilçi hesab edir ki, Rusiyanın 10 noyabr bəyanatından irəli gələn öhdəliklərin icrasını təmin edə bilməməsi Moskvanın regiondakı mövqelərini daha da zəiflətdi. Onun fikrincə, bəyanatdan sonrakı prosesin uzadılması Rusiyanın hərbi mövcudluğunu və təsir imkanlarını qorumaq cəhdi idi:
“44 günlük müharibənin dayandırılmasında əsas rol oynayan tərəf Rusiya olsa da, 10 noyabr bəyanatından irəli gələn bir sıra öhdəliklər icra edilmədi. Bu vəziyyət 2023-cü il sentyabrın 19-20-də Azərbaycanın antiterror əməliyyatı keçirməsi ilə nəticələndi".
Natiq Miri qeyd edib ki, daha sonra nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı yeni razılaşmalar gündəmə gəldi:
”Vaşinqtonda əldə olunan anlaşmalardan sonra ABŞ regionda mövcudluğunu möhkəmləndirmək, burada daha fəal mövqe tutmaq istiqamətində addımlar atmağa başladı. TRIPP layihəsi də bu prosesin mühüm istiqamətlərindən biridir. Ermənistanla ABŞ arasında layihənin həyata keçirilməsi üçün çərçivə razılaşması əldə olunub, birgə şirkətin yaradılması və icra mexanizmlərinin formalaşdırılması istiqamətində işlər aparılır. Bu proses ABŞ-ın regionda daha ciddi şəkildə möhkəmlənməsinə yol aça bilər”.

Ekspertin sözlərinə görə, bütün bunlar qüvvələr nisbətini dəyişdi. Əvvəllər Ermənistan Rusiyanın müttəfiqi hesab olunur, regional balans da əsasən bu iki ölkənin xeyrinə formalaşırdı:
”İndi isə vəziyyət dəyişməyə başlayıb və balans Azərbaycanın xeyrinə çevrilir. Ermənistanın KTMT-də iştirakını faktiki olaraq dondurması da Rusiyaya etimadının azaldığını və Moskvanı artıq etibarlı müttəfiq hesab etmədiyini göstərir. Ermənistan rəhbərliyi Rusiyanı ölkənin təhlükəsizlik təminatçısı kimi görmür. Bu mənzərəyə Türkiyənin geosiyasi maraqlarını və regiondakı mövcudluğunu, eləcə də ABŞ-ın artan iştirakını əlavə etsək, qüvvələr balansının necə dəyişdiyini aydın görərik. Yeni reallıq Rusiyanın və Ermənistanın xeyrinə deyil, Azərbaycanın xeyrinə formalaşır. Çünki Azərbaycan müharibədən qalib çıxmış ölkədir və qısa müddətdə bu qələbənin yaratdığı yeni reallıqlar beynəlxalq səviyyədə də qəbul olunmağa başladı”.
Natiq Mirinin sözlərinə görə, artıq hər kəs anlayır ki, Cənubi Qafqazda hər hansı geosiyasi və ya geoiqtisadi layihəni həyata keçirmək istəyən tərəf regionun əsas güc mərkəzlərindən biri olan Azərbaycanla razılaşmalıdır:
”Gec də olsa, bu reallıq qəbul edildi. Cənubi Qafqazda həlledici geosiyasi amilin və sabitləşdirici gücün artıq Rusiya deyil, Azərbaycan olduğu fikri getdikcə daha geniş qəbul olunur”.
Siyasi şərhçi Azərbaycanın müharibədən sonra yalnız regional deyil, beynəlxalq miqyasda da mövqelərini gücləndirdiyini bildirib. Onun fikrincə, Türkiyə ilə strateji əməkdaşlıq və Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın genişlənməsi Azərbaycanın siyasi çəkisinin artmasına təsir edən əsas amillərdəndir:
“Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması, ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi beynəlxalq nüfuzuna müsbət təsir göstərdi. Azərbaycanı artıq ciddi hərbi-siyasi və iqtisadi güc kimi qəbul etməyə başladılar. Bundan başqa, Azərbaycan müharibədən sonra dayanmadı. Dəyişən dünya nizamında yeni güc mərkəzinin formalaşması istiqamətində fəal siyasət yürütməyə başladı. Təbii ki, bu prosesdə Azərbaycan tək deyildi, qardaş Türkiyə də onunla birlikdə hərəkət edirdi. Beləliklə, Türk Dövlətləri Təşkilatında inteqrasiya dərinləşməyə, əməkdaşlıq genişlənməyə başladı. Bu da təşkilatın beynəlxalq arenada əhəmiyyətli güc kimi qəbul olunmasına yol açdı. Bu prosesdə əsas hərəkətverici qüvvənin məhz Azərbaycan olduğu da görünür. İnteqrasiya yalnız təşkilat çərçivəsində baş vermir. Azərbaycan Türküstan ölkələri, o cümlədən ayrı-ayrı türk dövlətləri ilə strateji tərəfdaşlıq sazişləri imzalayıb. Özbəkistanla əbədi dostluq haqqında müqavilə də imzalanıb. Bu prosesin digər dövlətlərlə də davam edəcəyi gözlənilir. Bütün bunlar həm xalqlar, həm də dövlətlər arasında inteqrasiyanı gücləndirəcək”.
Siyasi şərhçinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan bir-birinə rəqib olan iki böyük güclə - Çin və ABŞ-la strateji tərəfdaşlıq münasibətləri qurub:
”Bu da ölkənin siyasi mövqelərini gücləndirən mühüm amillərdəndir. Təbii ki, Azərbaycanın güclənməsi və siyasi nüfuzunun artması bəzi dövlətlərin mövqelərini zəiflətdi. Bu, açıq şəkildə ifadə olunmasa da, səhnə arxasında Azərbaycana qarşı müəyyən addımlara və proseslərə təkan verdi. Son dövrlərdə müşahidə olunan anti-Azərbaycan hadisələrinin arxasında duran səbəblərdən biri də məhz budur. Bu ölkələrin siyahısında Türkiyəni istisna etmək lazımdır. Çünki Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya və Azərbaycan-Türkiyə qardaşlığı fonunda Azərbaycanın güclənməsi dolayısı ilə Türkiyənin də güclənməsi deməkdir. Eyni fikir əks istiqamətdə də keçərlidir: Türkiyənin qlobal miqyasda güclənməsi Azərbaycanın da mövqelərini möhkəmləndirir. Bu proses digər türk dövlətlərinə də əlavə stimul verir ki, təşkilat daxilində inteqrasiyanı daha da dərinləşdirsinlər. Bu gün müşahidə etdiyimiz mənzərə də məhz budur”.
Natiq Miri Ermənistanın son dövrdə Qərbə inteqrasiya xəttini seçməsini də regionda dəyişən güc balansının nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, Ermənistanın iqtisadi və siyasi inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırması vacibdir:
“Ermənistan hazırda Avropaya inteqrasiya, Avropa İttifaqına üzvlük istiqamətində siyasi xətt götürüb. Lakin bu, Rusiyanın ciddi narazılığı və məhdudlaşdırıcı addımları ilə üzləşir. Ermənistanın Rusiya və Avrasiya İqtisadi İttifaqı bazarlarından asılılığı da bu baxımdan mühüm amildir. Ona görə də Ermənistanın çıxış yolu, Qərbə inteqrasiya perspektivi müəyyən mənada Azərbaycan və Türkiyə ilə münasibətlərdən keçir. Paşinyan hökumətinin 2026–2031-ci illər üçün hazırladığı proqramda Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması mühüm istiqamətlərdən biri kimi yer alır. Çünki Azərbaycanla sülh olmadan Ermənistanın inkişafı və Avropaya inteqrasiyası ciddi çətinliklərlə üzləşəcək. Eyni zamanda, Avropaya çıxış imkanlarını genişləndirmək üçün Türkiyə ilə sərhədlərin açılmasına və normal münasibətlərin qurulmasına ehtiyac var. Ona görə də Ermənistan üçün əsas prioritet Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır. Həmin proqramın xarici siyasət bölməsində ölkələrlə münasibətlərin sadalandığı ardıcıllıqda Rusiyanın səkkizinci yerdə qərarlaşması da, məncə, çox şeydən xəbər verir”.
Ekspert İranın regiondakı mövqeyini qeyri-müəyyən hesab edir. Onun fikrincə, ölkədə vahid siyasi qərarvermə mərkəzinin olmaması Azərbaycanla münasibətlərə də təsir göstərir:
“İrana gəlincə, bu ölkənin mövqeyi qeyri-müəyyəndir. Çünki orada vahid siyasi qərarvermə mərkəzi yoxdur. Bir tərəfdə əsasən SEPAH-ın diktə etdiyi hərbi-siyasi sistem, digər tərəfdə molla rejimi, daha bir tərəfdə isə Pezeşkianın rəhbərlik etdiyi hökumət dayanır. Hökumət Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunu bəyan edir. Ancaq bu, İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin qarşısını ala bilmir. Ənənəvi olaraq SEPAH və molla rejimi tərəfindən Azərbaycana qarşı düşmən münasibəti ifadə edən açıqlamalar, təhdidlər səsləndirilir. Bu münasibət dünən də var idi, bu gün də davam edir. Düşünürəm ki, İran rejiminin mahiyyəti dəyişmədikcə, sabah da belə olacaq. Ona görə Azərbaycan İrana münasibətdə dostluq və əməkdaşlıqdan danışsa da, ehtiyatı əldən verməməlidir. İran belə bir dövlətdir”.
Günay İlqarqızı