
Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wielka Historia" portalı məlumat yayıb.
Nəzəriyyəyə görə, qədim misirlilər taxtadan hazırlanmış qəliblərdən istifadə edərək onların içərisinə betona bənzər qarışıq töküblər. Bu ehtimal ilk dəfə 1970-ci illərdə fransız kimyaçısı Jozef Davidoviç tərəfindən irəli sürülüb. O, qədim Misir betonunun əsasən əhəngdaşı tozu, diatomit, gil, natrium karbonat və əhəngdən ibarət olduğunu iddia edib.
Lakin sonradan digər alimlərin apardığı araşdırmalar bu fərziyyəni təsdiqləməyib. Tədqiqatçılar nümunələrdə süni qarışığın izlərini aşkar etməyərək onların təbii daş və ya tikinti məhlulu olduğunu bildiriblər.
Mövzu XXI əsrin əvvəllərində yenidən gündəmə gəlib. Namür Universitetinin professoru Gi Demortye piramidanın ənənəvi üsullarla tikilməsi ehtimalını şübhə altına alıb. Onun hesablamalarına görə, tikinti təxminən 30 il ərzində başa çatdırılıbsa, hər dəqiqə bir kubmetr həcmində daş blokun yerinə yerləşdirilməsi tələb olunurdu. Fizikin fikrincə, bu qədər yüksək sürətlə tikinti aparılması inandırıcı deyil.
Demortye 2009-cu ildə dərc olunan araşdırmasında rentgenoqrafiya və maqnit spektroskopiyası kimi üsullarla Xeops piramidasından götürülmüş nümunələri təhlil edib. Nəticədə materialın 85-92 faizinin əhəngdaşından ibarət olduğunu müəyyənləşdirib. Bununla belə, nümunələrin bir sıra xüsusiyyətlərinin yaxınlıqdakı karxanalardan çıxarılan təbii əhəngdaşından fərqləndiyini bildirib.
Alim bu fərqləri daş blokların tikinti meydançasında qəliblərə tökülərək hazırlanması ehtimalı ilə əlaqələndirib.
Bununla belə, sözügedən nəzəriyyə elmi ictimaiyyətdə geniş dəstək qazanmır. Tarixçilər və arxeoloqlar hesab edirlər ki, belə iddiaları qiymətləndirərkən Qədim Misirin tarixi, mədəniyyəti və tikinti texnologiyaları da nəzərə alınmalıdır. Bundan başqa, araşdırmalarda istifadə olunan nümunələrin sayı azdır və onların dəqiq mənşəyi ilə bağlı suallar qalır.
Mütəxəssislər nümunələrin piramidanın daş bloklarını birləşdirmək üçün istifadə edilən tikinti məhlulunun qalıqları ola biləcəyini də istisna etmirlər. Beləliklə, piramidaların betonabənzər qarışıqdan hazırlanması fikri hələlik təsdiqlənmiş elmi fakt deyil, mübahisəli fərziyyə olaraq qalır.
Aydın