
Tarixdə elə hadisələr var ki, üstündən onilliklər, hətta əsrlər keçməsinə baxmayaraq, onların sirri hələ də açılmayıb. 239 nəfərin olduğu Malaysia Airlines təyyarəsinin yoxa çıxması, doqquz alpinistin müəmmalı ölümü, heyəti itkin düşən gəmi və heç kimin oxuya bilmədiyi qədim əlyazma bu hadisələr sırasındadır.
Qaynarinfo xəbər verir ki, "CHİP" nəşri illərdir müzakirə mövzusu olan və araşdırmalara baxmayaraq, bütün suallara cavab tapılmayan yeddi hadisəni təqdim edib.
1. MH370 təyyarəsinin müəmmalı şəkildə yoxa çıxması

2014-cü il martın 8-də Malayziyadan Çinə uçan “Malaysia Airlines” şirkətinə məxsus MH370 reysinin göyərtəsində 239 nəfər olub. Uçuşdan təxminən bir saat sonra təyyarə planlaşdırılmış marşrutdan kənara çıxıb və hava hərəkətini izləməyə imkan verən transponder cihazı fəaliyyətini dayandırıb.
Sonrakı məlumatlar təyyarənin təxminən səkkiz saat ərzində Hind okeanı istiqamətində hərəkət etdiyini göstərib. Genişmiqyaslı beynəlxalq axtarışlara baxmayaraq, onun əsas gövdəsini və sərnişinlərin taleyini müəyyənləşdirmək mümkün olmayıb. İllər ərzində təyyarəyə aid olduğu ehtimal edilən bəzi qalıqlar aşkarlansa da, qəzanın dəqiq səbəbi və təyyarənin son yeri hələ də məlum deyil.
Hadisə ilə bağlı pilotun təyyarəni qəsdən istiqamətini dəyişərək qəzaya uğratması da daxil olmaqla müxtəlif versiyalar irəli sürülüb. Lakin bunların heç biri təsdiqlənməyib.
2. İtkin düşən Valter Kollinz

1928-ci ildə ABŞ-ın Los-Anceles şəhərində yaşayan Kristin Kollinz 9 yaşlı oğlu Valterin itkin düşdüyünü polisə bildirib. Təxminən beş ay sonra polis ailəyə bir uşaq təqdim edib. Ancaq ana onun öz oğlu olmadığını deyərək etiraz edib.
Polis isə qadının iddialarını qəbul etməyib, hətta onu pis ana olmaqda günahlandıraraq psixiatriya xəstəxanasına yerləşdirib. Əsl Valter Kollinz isə heç vaxt tapılmayıb.
Araşdırmalar zamanı diqqət uşaqları öldürməkdə şübhəli bilinən Qordon Stüart Nortkott üzərində cəmləşib. O, 1930-cu ildə edam edilsə də, Valterin onun qurbanları arasında olduğunu sübut etmək mümkün olmayıb.
Hadisə sonradan Klint İstvudun 2008-ci ildə ekranlaşdırdığı “Changeling” filminə də mövzu olub.
3. Heyəti yoxa çıxan “Mary Celeste” gəmisi

1872-ci ilin noyabrında Nyu-Yorkdan İtaliyanın Genuya şəhərinə yola düşən “Mary Celeste” gəmisində kapitan Benjamin Briqqs, həyat yoldaşı, iki yaşlı övladları və yeddi ekipaj üzvü olub.
Dekabrın 4-də gəmi dənizdə boş vəziyyətdə aşkarlanıb. Maraqlısı budur ki, gəminin özü ciddi zərər görməyib, əşyalar və ərzaqlar da yerində qalıb. Lakin kapitan, ailəsi və digər ekipaj üzvlərindən heç bir iz tapılmayıb.
Hadisə ilə bağlı pirat hücumundan tutmuş dənizdəki naməlum canlılara qədər müxtəlif ehtimallar səsləndirilib. Sonrakı araşdırmalarda gəmidə daşınan spirtli maddələrin buxarının ekipajı qorxudaraq gəmini tərk etməyə vadar edə biləcəyi də irəli sürülüb. Ancaq bu versiya da təsdiqini tapmayıb.
4. Pollok bacıları və reinkarnasiya iddiası

1957-ci ildə Coanna və Jaklin Pollok adlı iki bacı yol qəzasında həlak olub. Bir il sonra ailədə Gillian və Cennifer adlı əkiz qızlar dünyaya gəlib.
Valideynlərinin diqqətini çəkən məqam isə uşaqların həyatını itirmiş bacılarının əvvəllər oynadığı oyuncaqlara maraq göstərməsi və onların oxuduğu məktəbi tanıdıqlarını iddia etməsi olub. Bundan başqa, əkizlərin avtomobillərdən qorxduğu, maşın qəzası ilə bağlı narahatlıq keçirdiyi bildirilib.
Bu hadisə reinkarnasiya mövzusunu araşdıran psixiatr Yan Stivensonun diqqətini çəkib. O, Pollok bacılarının hekayəsini əvvəlki həyatla bağlı araşdırmalarında yer alan nümunələrdən biri kimi təqdim edib.
Bununla belə, uşaqların davranışlarının yenidən doğulmanın sübutu olduğunu təsdiqləyən elmi dəlil yoxdur.
5. Heç kimin oxuya bilmədiyi Voyniç əlyazması

Təxminən 600 il əvvəl yazıldığı ehtimal edilən Voyniç əlyazması tarixçilər və dilçilər üçün hələ də sirr olaraq qalır. Təxminən 250 səhifədən ibarət sənəd məlum dillərlə uyğun gəlməyən yazı sistemi ilə tərtib edilib. Onun müəllifi və hansı məqsədlə hazırlandığı müəyyən edilməyib.
Əlyazma 1912-ci ildə polşalı kitab alverçisi Vilfrid Voyniç tərəfindən əldə edilib və sonradan onun adı ilə tanınıb. Radiokarbon analizi sənədin XV əsrə aid olduğunu göstərib.
Bəzi tədqiqatçılar onun tibb və bitkilərlə bağlı məlumatları əhatə etdiyini düşünürlər. Lakin mətnin hansı dildə yazıldığı və nəyi izah etdiyi barədə ortaq qənaət yoxdur.
6. Dyatlov keçidində doqquz alpinistin ölümü

1959-cu ilin fevralında Rusiyanın Ural dağlarına səfər edən doqquz alpinist müəmmalı şəkildə həyatını itirib. Axtarış qrupu 25 gün sonra onların düşərgəsini aşkar edib. Çadırın parçalandığı, əşyaların isə içəridə qaldığı müəyyənləşib.
Ərazidəki ayaq izləri alpinistlərin çadırı tərk edərək meşəyə doğru getdiyini göstərib. Bəziləri ayaqyalın, digərləri isə yalnız corabla hərəkət edib. İlk tapılan cəsədlərdə hipotermiya əlamətləri müşahidə olunsa da, digər şəxslərin bədənindəki ağır xəsarətlər hadisəni daha da müəmmalı edib. Onlardan birinin dilinin olmadığı da aşkarlanıb.
İllər ərzində hadisə ilə bağlı qar uçqunu, güclü külək, hərbi sınaqlar və hətta naməlum canlılarla əlaqəli müxtəlif nəzəriyyələr irəli sürülüb. Alpinistlərin niyə gecə vaxtı çadırdan qaçdığı və ölümə aparan hadisələrin dəqiq necə baş verdiyi isə hələ də müzakirə olunur.
7. Yüz minlərlə insanı hərəkətsiz qoyan sirli xəstəlik

Siyahıdakı son hadisə 1917–1928-ci illərdə geniş yayılan letargik ensefalit xəstəliyidir. “Yuxu xəstəliyi” kimi də tanınan bu nevroloji pozuntu həmin dövrdə 500 mindən çox insana təsir edib.
Xəstəliyin ən qəribə əlamətlərindən biri insanların şüurları açıq olduğu halda bədənlərini hərəkət etdirə bilməməsi olub. Bəzi xəstələr ətrafda baş verənləri dərk etsələr də, sanki hərəkətsiz heykələ çevriliblər. Yoluxanların təxminən üçdə biri həyatını itirib, sağ qalanların bir qismində isə hərəkətsizlik aylarla, hətta illərlə davam edib.
Xəstəliyin səbəbi ilə bağlı müxtəlif araşdırmalar aparılsa da, onu başladan konkret amil müəyyən edilməyib. Alimlər problemin beyindəki iltihabi proseslərlə əlaqəli ola biləcəyini düşünürlər.
Aradan təxminən bir əsr keçməsinə baxmayaraq, bu xəstəliyin mənşəyi və bəzi hallarda yenidən ortaya çıxmasının səbəbləri tibb elmi üçün açıq sual olaraq qalır.
Aydın