
Performans eynəkləri istehsal edən bir brendin futbolda nə işi olduğunu düşünə bilərsiniz. Lakin bu fikirdə yanılırsınız. Həm idman meydançalarında, həm də onlardan kənarda dünya miqyasında artan populyarlığı sayəsində “Oakley” ilk baxışda eynəyə ehtiyac duyulmayan futbol sahəsində də diqqət mərkəzinə çevrilib.
Əsasən xizək və sörfinq kimi idman növləri ilə əlaqələndirilən Kaliforniya mərkəzli brend artıq futbol dünyasına da daxil olub. Hazırda futbolun ən böyük ulduzları və klublarından bəziləri ilə əməkdaşlıq edir. Üstəlik, bu istiqamətdə fəaliyyətini dayandırmaq niyyətində olduğuna dair heç bir əlamət yoxdur.
Populyarlıqda kəskin artım

Son illərdə “Oakley” eynəkləri həm peşəkar idmanda istifadə olunan məhsul, həm də küçə geyimlərinin dəbli aksesuarı kimi görünməmiş uğur qazanıb.
Brendin futbol dünyasındakı yüksəlişi onun idmandan kənarda da sürətlə populyarlaşdığı dövrə təsadüf edir. “Oakley” eynəkləri və əvvəlki kolleksiyalarına aid modellər idmandan daha çox üsluba üstünlük verən istehlakçıların alış-veriş siyahılarında ön sıralara yüksələrək “Y2K” estetikasının mühüm elementinə çevrilib. Özünəməxsus çərçivələri və polyarizasiya olunmuş linzaları artıq musiqi festivallarında və şəhərlərin ən dəbli küçələrində tez-tez görünür.
2025-ci ilin avqustunda “Business of Fashion” nəşri Amerikanın idman geyimləri brendinin ardıcıl beş il ərzində satış rekordları qırdığını bildirmişdi. Şirkətin qlobal prezidenti Kayio Amato bu uğuru həm nostalji axtaran gənc istehlakçıların marağı, həm də münasib qiymətə keyfiyyətli məhsul təklif etmələri ilə əlaqələndirmişdi.
Qaçış və velosiped sürmə kimi dözümlülük tələb edən idman növlərinin getdikcə populyarlaşması da bu yüksəlişdə mühüm rol oynayıb. “ExplodingTopics” platformasının məlumatına görə, “qaçış eynəyi” ifadəsi üzrə onlayn axtarışların sayı 2023-2025-ci illər arasında 90 faiz artıb.
“Oakley”nin strategiyasına arxivindəki məhsulları yenidən satışa çıxarmaq və əvvəlki dizaynlarından ilham almaq da daxildir. Brend 1994-cü ildə təqdim etdiyi “Eye Jacket” çərçivələrini yenidən istehsala qaytarıb, “Plantaris” modelinin dizaynını isə 1990-cı illərin üslubuna əsaslandırıb.
Bununla yanaşı, şirkət müasir texnologiyaları da diqqətdən kənarda qoymayıb. Ötən il “Meta” ilə əməkdaşlıq çərçivəsində süni intellekt dəstəkli ilk eynəklərini təqdim edib. Bu tərəfdaşlığın özü də böyük əhəmiyyət daşıyır.
Amato həmin dövrdə verdiyi açıqlamada bildirib:
“İnsanlar ‘Oakley’ məhsullarını həm dəbli göründükləri, həm də idman üçün əla olduqları üçün alırlar. Bununla yanaşı, dəyərlər baxımından onlarla eyni dildə danışdığımız və ortaq mövqedə olduğumuz üçün də məhsullarımızı seçirlər”.
Seçilmiş brend elçiləri

Eynək brendi müxtəlif idman növlərini təmsil edən nüfuzlu simalardan ibarət güclü brend elçiləri komandası formalaşdırmağa başlayıb.
Futbol dünyasına daxil olmaq istəyən “Oakley” hədəfini yüksək tutub. Şirkət 2022-ci ildə Kilian Mbappenin uzunmüddətli və yüksək gəlirli müqavilə əsasında qlobal brend elçisi olduğunu açıqlayıb.
Dünyanın ən yaxşı futbolçularından birini öz tərəfinə çəkmək kommersiya baxımından böyük addım idi. Daha sonra Mbappe üçün xüsusi olaraq “Kato” və “HSTN” kimi eynək kolleksiyaları da hazırlanıb.
Fransalı futbolçu həmin vaxt açıqlamasında deyib:
“‘Oakley’nin qaydaları dəyişdirən innovativ ruhu və müsbət dəyişiklik yaratmaq istəyi ilə özümü bir çox cəhətdən eyniləşdirirəm. ‘Özün ol’ mesajı mənim üçün xüsusi əhəmiyyət daşıyır. Başqalarına da özlərinə sadiq qalmaq və bu özünəinamı qorumaq üçün stimul vermək istəyirəm. Üstəlik, eynəklər də olduqca dəblidir”.
Mbappe daha yaxın zamanda “Oakley Meta Vanguard” kampaniyasının simasına çevrilib. Daha əvvəl qeyd olunan süni intellekt dəstəkli ağıllı eynəklərdə brendin özünəməxsus “Prizm” linzaları, daxili 12 meqapiksellik kamera, musiqi dinləmək və telefon danışıqları aparmaq üçün dinamiklər mövcuddur.
Eynəklər, həmçinin idman göstəricilərinin fasiləsiz izlənilməsi üçün ağıllı saatlara qoşula bilir.
Qadın futbolunda isə “Oakley”nin brend elçiləri arasında ulduz futbolçular Alessia Russo və artıq üç dəfə “Qızıl top” mükafatını qazanmış Aleksia Putelyas yer alır.
Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətin digər tanınmış simaları arasında reper Trevis Skott, NFL ulduzu Patrik Mahoms, Hindistan kriketinin ulduzu Virat Kohli və Cənubi Afrikanın reqbi əfsanəsi Siya Kolisi də var. Trevis Skott şirkətdə baş vizyoner vəzifəsini icra edir.
Əlbəttə, bu idmançıların heç biri meydana eynəklə çıxmayacaq. Lakin bu cür əməkdaşlıqlar “Oakley” kimi idman növlərinin birbaşa iştirakçısı olmayan brendlərə müxtəlif sahələrdə və xüsusilə məhsullarına böyük maraq göstərən istehlakçılar arasında dərhal qlobal nüfuz qazandırır.
Qaçış ayaqqabıları üzrə ixtisaslaşan “On” brendi də Mbappe ilə imzaladığı innovativ futbol butsları müqaviləsində oxşar strategiyadan istifadə edib. Bu əməkdaşlıq şirkətin futbol dünyasına ilk addımı olub.
“Həmişə üstünlük qazanmağın yollarını axtarıram”

Mbappe “Oakley” ilə əməkdaşlığının real əsaslara söykəndiyini və bunun yalnız maddi maraqlardan qaynaqlanmadığını vurğulayır.
Onu meydanda bu eynəklərlə görməsək də, Mbappe əməkdaşlığın sadəcə reklam xarakteri daşımadığını bildirir.
“Real Madrid”in ulduzu bu ilin əvvəlində “BroBible” nəşrinə açıqlamasında deyib:
“Rəqabətədavamlı idmançı kimi inkişafıma kömək edəcək istənilən üstünlük əldə etmək üçün yollar axtarıram. ‘Meta’ və ‘Oakley’nin hazırladığı məhsul olduqca maraqlıdır. Çünki bu texnologiya idmançıların məşq üsullarının və texnologiya ilə qarşılıqlı əlaqəsinin sərhədlərini genişləndirir.
Əsas məsələ gördüyün işə tam diqqət yetirməklə yanaşı, performansını artırmaq üçün innovasiyalardan istifadə etməkdir. Bu yanaşma mənə həqiqətən yaxındır.
Ən çox bəyəndiyim xüsusiyyətlərdən biri əllərimi istifadə etmədən işləyən kameradır. Telefonumu götürmək üçün dayanmağa ehtiyac qalmadan məşq zamanı görüntüləri öz baxış bucağımdan qeydə ala bilirəm. Bundan əlavə, driblinq və zərbə məşqlərimi yavaş çəkiliş rejimində lentə almağa imkan verən kamera funksiyası da var.
Bu, etdiyim hərəkətləri və məşqləri yenidən izləmək, əvvəllər təhlil edə bilmədiyim detalları görmək üçün əla fürsətdir.
‘Meta Oakley Vanguards’ istər qaçış, istər driblinq, istərsə də qol vurma epizodu olsun, hərəkətlərimi öz baxış bucağımdan yenidən nəzərdən keçirməyə imkan verir. Bu, kiçik texniki detalları düzəltməyimə və necə inkişaf edə biləcəyimi daha yaxşı anlamağıma kömək edir.
Həmin anları fərqli bucaqdan görmək inkişafım üçün həqiqətən faydalı olan yeni geribildirim imkanı yaradır”.
“Oakley” və “Arsenal” əməkdaşlığı

“Oakley” və “Arsenal” əməkdaşlıqlarını elan etmək üçün hazırladıqları video ilə böyük rezonans doğurub. Çarx sosial şəbəkələrdə sürətlə yayılaraq viral olub.
Futbol dünyasındakı mövqeyini daha da möhkəmləndirmək istəyən “Oakley” bu sahədə fəaliyyətini genişləndirərək qlobal miqyasda daha bir nəhənglə tərəfdaşlıq elan edib. Lakin bu dəfə əməkdaşlıq ayrı-ayrı futbolçu ilə deyil, bütöv bir klubla həyata keçirilib.
İdman geyimləri brendi İngiltərə Premyer Liqasının çempionu “Arsenal”la güclərini birləşdirib.
Əməkdaşlıq yarımmüdafiəçi Deklan Raysın “Vanguard” ağıllı eynəklərini taxaraq Londonun şimalında qaçış etdiyi “We Go Again” adlı videoçarxla təqdim olunub.
Rays 22 illik fasilədən sonra liqa çempionluğunu qazanan komandanın azarkeşlərinin küçələrə çıxaraq qələbəni qeyd etdiyi yay günündəki yürüş marşrutunu yenidən izləyir.
90 saniyəlik videoda həmin günü canlandıran ağ-qara kinematoqrafik kadrlarla real görüntülər birləşdirilib. Rays eynək vasitəsilə həmin anları yenidən yaşayır və 2026-2027-ci il mövsümündə çempionluq uğrunda mübarizəyə qayıtmaq üçün motivasiya qazanır.
Sosial şəbəkələrdə sürətlə yayılan video böyük maraq doğurub. 5 600 bəyənmə toplayan paylaşımlardan birində belə yazılıb:
“Bəli... ‘Arsenal’ın media komandası həqiqətən Hollivud səviyyəsində iş görür”.
“Arsenal”ın açıqlamasında bildirilib:
“Film ‘Arsenal’ və ‘Oakley Meta’nın bölüşdüyü bir yanaşmanı əks etdirir: Əldə etdiklərinizi qeyd edin, sonra yenidən işə başlayın. Bu, irəliləməyə davam etmək kimi ortaq məqsədlə bir araya gələn iki brendin yeni tərəfdaşlığı çərçivəsində həyata keçirilən ilk layihədir”.
“Arsenal”ın gəlirlər üzrə baş icraçı direktoru Ömər Şeyx isə əməkdaşlıqla bağlı bunları deyib:
“Çempionluq qeyd etmələri Londonun şimalındakı küçələri dolduran azarkeşlərdən tutmuş dünyanın müxtəlif yerlərində uğurumuzun bir hissəsi olan milyonlarla insana qədər ‘Arsenal’ tərəfdarlarını bir araya gətirən möhtəşəm bağı nümayiş etdirdi.
Qazanmaq bizə ‘Arsenal’ın gələcəyi və azarkeşlərimizi bu səyahətə necə daha fəal cəlb edə biləcəyimiz barədə daha geniş düşünmək üçün inam verdi.
‘Oakley Meta’ ilə tərəfdaşlığımız da bu hədəfin bir hissəsidir. ‘Arsenal’ın və dünyanın müxtəlif yerlərindəki icmalarımızın gücünü ‘Oakley Meta’nın texnologiyası və yaradıcılığı ilə birləşdirərək azarkeşləri klubumuza daha da yaxınlaşdıracaq yeni təcrübələr yaratmağı hədəfləyirik.
Bu münasibətləri daha da dərinləşdirmək və birlikdə nələrə nail ola biləcəyimizi görmək bizi həyəcanlandırır”.
Gələcəyə yönəlmiş strategiya

“Oakley” davamlı olaraq yeniliklər üzərində işləyir və diqqətini gələcəyə yönəldir. Buna görə də brendin futbol dünyasında yeni təşəbbüslərlə çıxış edəcəyini gözləmək olar.
“Arsenal”la əməkdaşlıq hansı idman növündən asılı olmayaraq, performans eynəkləri sahəsində lider olmağı hədəfləyən “Oakley” üçün növbəti mərhələdir.
Yeni texnologiyalardan yararlanmaq və bu sahədə görünməmiş inkişaf tempini davam etdirmək istəyən şirkət, şübhəsiz ki, mövcud nailiyyətlərlə kifayətlənmək niyyətində deyil.
“Oakley”nin brend fəlsəfəsinə cavabdeh vitse-prezidenti Brayan Takumi ötən il “edition+partners” nəşrinə açıqlamasında belə bir sual ünvanlayıb:
“Əlli ildən sonra insanların ‘Oakley’nin 2025-ci ildə gördüyü işlərdən danışmasını istəyirikmi? Əgər hələ də brendin 1980-1990-cı illərdə etdiklərini müzakirə edir və bundan başqa heç nədən danışa bilmiriksə, deməli, brendi inkişaf etdirmək vəzifəmizi yerinə yetirə bilməmişik”.
Görünən odur ki, Mbappe və “Arsenal” “Oakley”nin futbol dünyasındakı fəaliyyətinin yalnız başlanğıcıdır.
Şirkət eynək mütəxəssisi kimi tanına bilər, lakin bundan sonra “Oakley”nin futbol sahəsində daha çox yeniliklərlə gündəmə gələcəyini gözləmək üçün kifayət qədər əsas var.
Mənbə: Goal.com
Tərcümə: Qaynarinfo