

Maraqlı seçki “necə olacaq?” sualı ilə başlayıb elə həmin sualla da bitir. Bu mənada ABŞ-dakı son seçkilər də istisna olmadı. “Necə olacaq?” sualının biri arxada qalsa da, digərinə iki aydan sonra cavab veriləcək. İndi isə yalnız fərziyyələr və ehtimallar səslənir.
Əlbəttə, ABŞ seçkiləri hamını daha çox İran müharibəsi kontekstində maraqlandırır. Amma Ukrayna müharibəsi də, Cənubi Qafqazdakı proseslər də az maraq kəsb etmir. Seçkinin nəticələri bütün bu proseslərə təsir edə bilər.
İndi Cənubi Qafqazda da çox maraqlı proseslər gedir. Sanki əvvəlki vəziyyət inversiya olunub. Əvvəllər bölgənin ən rusiyapərəst ölkəsi olan Ermənistan indi, əksinə, ən qərbpərəst siyasət yürüdən ölkəyə çevrilib. Qərb Gürcüstandan üz çevirib, Azərbaycansa əvvəlki kimi yenə balanslaşdırılmış siyasət yürüdür.
Ermənistanın Rusiya ilə savaşı hələ çox çəkəcək, çünki illər ərzində bu ölkə, demək olar ki, Rusiya tərəfindən özəlləşdirilib. İndi onu hissə-hissə qaytarmaq lazımdır. Görək, Nikol bunu bacaracaqmı? Heç də asan məsələ deyil, xüsusən də nəzərə alsaq ki, Kreml hələ Paşinyanla bir növ mədəni davranır. Yada salın, həmin Kreml vaxtilə Ter-Petrosyanı bir gündə devirdi. İndi problem ondadır ki, Kremlə nə Koçaryan-Sarqsyan lazımdır, nə də Paşinyan. Ona gürcü İvanişvili kimi bir siyasi fiqur lazımdır. Beləsi isə Ermənistanda hələ yoxdur. Düşünülürdü ki, bəs Karapetyan beləsi ola bilər, amma o da revanşistlərə meyl etdi və onların tərəfinə keçdi.
O ki qaldı Gürcüstana, burada da anlaşılmaz proseslər davam etməkdədir. Bu günlərdə deyildi ki, beş partiya, əlbəttə, əsas müxalifət partiyaları, qeyri-konstitusion elan ediləcək. Hətta Konstitusiya Məhkəməsində bununla bağlı iş qaldırılıb. Adama hərdən elə gəlir ki, bu kiçik ölkədə hamı – iqtidar da, müxalifət də – ağlını itirib, hamısı “maksimuma” köklənib. Heç kim konstruktiv siyasət əlaməti olaraq digərinə əl uzatmır. İvanişvili dəstəsi sanki reallıq hissini itirib. Lap tutaq ki, müxalifət pisdir, necə deyərlər, cığallıq edir. Bəs Saakaşvilinin həbsdə saxlanılmasına nə deyirsiniz? Hər şeyi Mixeil Saakaşvili hakimiyyətinin üstünə yıxırlar. Başa düşmək olmur ki, bunlara kim mane olur, niyə Rusiya ilə daha düzgün siyasət qurmurlar? Problem nədədir? Niyə ölkəni İvanişvilinin Rusiyadakı biznesinin əsirinə çeviriblər? Çox təəssüf ki, Qərb də “ağıllı siyasət yürütmür”. Bəlkə də ona görə ki, İvanişvili dəstəsi onun heç bir tələbini yerinə yetirmir. Odur ki, problem qalmaqda və dərinləşməkdədir. Bir ortabab oliqarx nə olarmış? Bunun ambisiyaları nə olarmış? Başa düşmək olmur...
İndi Ermənistan əvəz olub. Amma Kreml də bu ölkəyə təzyiq etməkdədir. Deyirlər ki, eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya Birliyində olmaq olmaz. Amma Ermənistan hələ Avropa İttifaqında yoxdur axı! Tez bir zamanda Avropa İttifaqı Ermənistana yalnız Gürcüstana və Moldovaya verdiklərini verə bilər. Moldova hələ MDB-dən çıxmağı indi düşünür. Ermənistan isə hələ də Avropa İttifaqı səmtinə doğru ciddi bir addım atmayıb, hələ Rusiyanın əlindən özünü almaqdadır.
Paşinyan çalışır. Düzdür, bizim adamlarımız ona hələ də şübhə ilə yanaşırlar, amma adam cəhd edir. Görək, konstitusiya layihəsini müzakirəyə çıxara biləcəkmi? Nikolun da siyasətində ziddiyyətli məqamlar var. Adam revanşist müxalifətin üstünə getdi, kilsəyə qarşı çıxdı, amma nədənsə çoxsaylı erməni diasporları ilə bağlı bunu etmir. Halbuki onlara da izah edə bilərdi ki, bizə “ayı xidməti” etməyin, biz Azərbaycanla, Türkiyə ilə yeni münasibətlər qurmağa çalışırıq. Amma demir bunu, sanki sülh sazişinin imzalanmasını yubadaraq vaxt qazanmağa çalışır.
Nə isə. Cənubi Qafqazda da gərginlik qalmaqdadır. Bizim üçün əsas məsələ Zəngəzur dəhlizidir. Amma Nikol başa düşməlidir ki, ortalıqda etimad olmasa, bu layihə də işləməyəcək. Adam sanki öz konstitusiyasından xəbərsizdir. Müxalifətə qarşı mitinq keçirməyi düşünür. Amma səhv etmirəmsə, bir neçə yüz (200) min insanın da qanunvericilik təşəbbüsü hüququ var, özü də indiki konstitusiyada. Üstəlik, müxalifətçiləri də şirnikləndirmək olar, məsələn, onlara da bir vəzifə verməklə. Nikol niyə bunlardan istifadə etməsin?
Qərəz, siyasətdən lap adamın başı gicəllənir. Lap rəhmətlik Vaqif Səmədoğlunun məşhur misrasında deyildiyi kimi: “Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm...”
Hüseynbala Səlimov