XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Növbə nə vaxt MDB-yə çatacaq?..
Hüseynbala Səlimov
Siyasət10:32 31.08.2026

Növbə nə vaxt MDB-yə çatacaq?..

Mübaliğəsiz demək olar ki, ötən həftə Özbəkistan həftəsi oldu. Nə deyilməsi mümkün idisə, demək olar ki, hamısı deyildi.

Bizsə onu qeyd edək ki, Mərkəzi Asiya ölkələrinin və Azərbaycanın iştirakı ilə sanki ikinci GUAM yaranır - bu ölkələrin hamısı ya KTMT-nin, ya da MDB-nin üzvüdür. Fərq bundadır ki, onlar qarşılarına Qərbə inteqrasiya məqsədi qoymayıblar, aralarında sıxlaşmaq və ya inteqrasiya etmək fikrindədirlər; Asiya və yaxud türk GUAM-ına bənzər bir şeydir.

Maraqlı detallardan biri budur ki, GUAM təzəcə yarananda Özbəkistan da onun üzvü olmuşdu. İndi də o, KTMT-nin üzvü deyil, ona görə də onunla dialoqumuz prinsipcə alınmalıdır. Yeri gəlmişkən, hazırda KTMT-dən çıxarılacağı təqdirdə hamı Ermənistan üçün bir ssenari cızır. Amma bu ölkənin baş naziri ötən həftə dedi ki, İrəvanı KTMT-dən çıxarsalar, o, buna yalnız şad olar. Biz də neçə həftə bundan öncə yazmışdıq ki, Kreml bunu etsə, İrəvana çox böyük xidmət göstərmiş olar.

Baxın, Özbəkistan, ya Türkmənistan KTMT-nin üzvü deyillər, amma nə vaxtsa olublar və sonra da oranı tərk ediblər, yəqin. Buna görə onları qınayan varmı? Nə edəcək bu ölkələrə Moskva? Qazaxıstan KTMT-nin üzvü kimi qalır. Guya ərazisi ilə bağlı ehtiyatlanır. Amma boş şeydir. Ona qalsa, ölkə gərək əbədi olaraq Rusiyanın orbitində qalsın.

Bizə elə gəlir, MDB-nin də vədəsi çatır. Türkmənistan bu təşkilatda assosiativ üzv kimi təmsil olunur. Deyəsən, Moldova da təşkilatı tərk etməyi düşünür. Bütün bunlar labüd prosesdir. Nə mənası var MDB-də qalmağın? Bəzi Mərkəzi Asiya ölkələrinin liderlərinə hakimiyyətlərini saxlamaq üçün lazımdır daha çox...

Söhbət heç Aİ-dən, ya NATO-dan da getmir. İndi düşüblər Ermənistanın üstünə, halbuki kardinal bir dəyişiklik baş verməsə, bu ölkə heç 10 ildən sonra da Aİ və yaxud NATO üzvü olmayacaq. Paşinyan bu qədər küt adamdır ki, durub bunu da anlamasın? Yox, o, axmaq adam deyil, adam ölkəsinin müstəqilliyini artırmağı, Rusiyanın inhisarına son qoymağı düşünür.

Ölkənin əvvəlki sərsəm liderlərinə “Rusiyanın forpostu” adlandırılmaq ləzzət edirdi. Paşinyan bunu istəmir.

Ona görə də nə baş verməlidirsə, o da baş verir: bəzən tədricən, bəzən ləngimələrlə, hətta arabir geriləmələrlə. Bütün müstəvilərdə azadlığın genişləndirilməsinə çalışılır. Başqa cür ola da bilməz. Düzdür, postsovet məkanının şərq kəsimində daha çox dövlətin azad olmasına, bir qeyrisindən asılı olmamasına cəhd edilir, fərdlərin, cəmiyyətlərin azad olmasına bir o qədər də cəhd edilmir. Bəzən çox qəribə vəziyyət yaranır: məsələn, Özbəkistan, ya Türkmənistan daha sürətlə “çiçəklənir”, nəinki onların insanları və cəmiyyətləri! Amma bunlar müvəqqətidir, hər şeyin sonu və bir də başlanğıcı olur...

Başqa bir detal da budur ki, Türkiyə belə tədbirlərdə istənilən qədər görünmür. Ya onunla bağlıdır ki, qardaş Türkiyənin başı daha çox ərəb dünyasının problemlərinə qarışıb, ya da bu, Kremli duyuq salmamaq üçün edilir, çünki Moskva görsə ki, prosesin mühərriki Ankaradır, bundan çox da xoşlanmayacaq.

Amma müəyyən problemlər var ki, onlar heç bir halda Türkiyəsiz alınmaz. Özbəkistan həftəsi zamanı bir məmur dil problemi ilə bağlı maraqlı fikir dedi: “özbəkcənin və azərbaycancanın qarışığından istifadə edirik, arabir rus dilinə də müraciət edirik”...

Əlbəttə, ciddi problemdir və bir şey aydındır: bu ölkələrin liderləri, məmurları nə vaxtadək rusca anlaşacaqsa, Rusiyanın orbitindən tamamilə uzaqlaşa bilməyəcəklər, çünki ən böyük güc mədəniyyətin birləşdirici gücüdür. Rus dili bizə mühüm kanal kimi vacibdir, amma onun siyasi rolunu bir azca azaltmaq heç də pis olmazdı – bu alternativsə türk dili ola bilərdi.

Həm də istər-istəməz suallar da yaranır: məsələn, Özbəkistan müstəqildirsə, bəs Baltikyanı respublikalar nədir? Bəli, demək olardı ki, Baltikyanı respublikalar NATO-nun üzvüdürsə, Özbəkistan heç KTMT-nin də üzvü deyil!

Gəlin söz güləşdirməyək. Özbəkistan və ya digər postsovet ölkələri KTMT-nin üzvü olmayaraq MDB üzvü kimi də qalırsa, deməli, onlar özlərini hipotetik “qara gün”dən sığortalamaq istəyirlər: “fərqli situasiya” yaranarsa, tez Kreml darvazaları önündə növbə tutsunlar.

Baltikyanı respublikalarsa bu ssenarini nəzəri olaraq da təsəvvür etmək istəmirlər. Fərq bundadır. Rusiyadan tam qopmaq istəməyənlər özləri də hələ də öz müstəqilliklərinə tam inanmır, ona tam əmin deyillər.

Azərbaycana gəldikdə, o, Rusiyadan Mərkəzi Asiya ölkələrinin hamısından uzaq siyasi məsafədədir. Azərbaycana MDB onların hamısından az lazımdır və ümid edirik, bir gün Bakı da bu təşkilatda mövcudluğuna son verəcək.

Buna Moldova ilə birlikdə də qərar vermək olardı, yaxud da Ermənistanda “revanşist köz”lərin hamısı sönəndən sonra etmək daha məntiqli sayılardı. Amma fikir verin ki, Kreml özünün Koçaryanlarına, Sarqsyanlarına dəstək ola bilmir, ondan qala təzədən “Qarabağ sevdası” ola – yox, qatar keçibdir.

Sadəcə, sistemdənkənar müstəqil mediada fikir belədir ki, guya Azərbaycan öz ictimai-siyasi dəyərlərinə görə Rusiyadan çox uzaqlaşa bilməz.

Burada həqiqət var, amma çox az. Heç qonşu Türkiyəmiz də “demokratiya diyarı” deyil, mən hələ Mərkəzi Asiyanı, İranı, Çini-filanı demirəm, yəni tam azad olmayan ölkələr üçün də hələ böyük seçim var bu dünyada. Azərbaycana gəldikdə, bizə uzağa getmək lazım deyil. Hələ ki qardaş Türkiyə insan haqlarını və demokratiyanı C. Karter kimi xarici siyasətin və diplomatiyanın baş meyarına çevirmək niyyətində deyil – bunu hətta təəssüflə deyirik, çünki XXI əsrdə insan haqlarını və yaxud demokratiyanı pozmaq utanc gətirən hal sayılmalıdır...

Hüseynbala Səlimov