XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Serialdan ayrılmaq istəyirdi, amma fikrini dəyişdi: Qorxduğu rol onu ulduza çevirdi
Sənət10:56 31.08.2026

Serialdan ayrılmaq istəyirdi, amma fikrini dəyişdi: Qorxduğu rol onu ulduza çevirdi

Hollivudun əfsanəvi ulduzlarından Ceyn Mensfildin qızı olan Mariska Harqitay anasının izindən gedərək həyatının böyük hissəsini aktyorluğa həsr edib. Lakin karyerasının ən mühüm roluna çevrilən Olivia Benson obrazını canlandırdığı “Law & Order: Special Victims Unit” serialında uzun illər qalmağın karyerasına zərər verə biləcəyindən bir müddət ciddi narahat olub.

Qaynarinfo xəbər verir ki, Harqitay qadınlara qarşı zorakılıq, təqib və zorlama hallarının araşdırıldığı kriminal serialda 1999-cu ildən Olivia Benson obrazını canlandırır. Serialla eyniləşən aktrisa bir müddət bu rolun onun “yalnız bir tip rolu oynayan aktrisa” kimi tanınmasına səbəb olacağından və fərqli sahələrdəki istedadını nümayiş etdirməsinə mane olacağından qorxub.

Julianna Margulies onun qərarını dəyişməsinə səbəb olub

Harqitay serialın təxminən 25-ci mövsümü dövründə gələcəyi barədə düşünməyə başlayıb. Keçmiş həmkarı və yaxın dostu Julianna Marguliesə serialdan ayrılmağı düşündüyünü deyən aktrisa insanların onu yalnız bir rolla tanımasını istəmədiyini bildirib.

“ER” serialında altı mövsüm rol aldıqdan sonra layihədən ayrılan Margulies isə Hargitaya olduqca konkret cavab verib:

“Əzizim, o gəmi çoxdan limandan çıxıb".

Marguliesin sözləri Harqitaya Olivia Benson rolunun karyerasına təsirini yenidən dəyərləndirməyə kömək edib.

“Ayrılmağa hazır deyildim, çünki çox sevirdim”

Hargitay “Variety”yə verdiyi yeni müsahibədə komediya və digər layihələrdə iştirak etmək məsələsində yaşadığı çətinliklərdən danışıb.

Aktrisa uzunmüddətli serial çəkilişləri səbəbindən yaradıcılıq baxımından zaman-zaman özünü məhdudlaşdırılmış hiss etdiyini bildirərək deyib:

“Komediya mənim üçün ağrılı idi, çünki özümün yalnız bir tərəfini nümayiş etdirirmiş kimi hiss edirdim. İnsanlar ‘Serialdan ayrılıb komediya etməlisən. Serialdan ayrılıb tok-şou aparmalısan’ deyirdilər. Ayrılmağa hazır deyildim, çünki çox sevirdim".

Harqitay zamanla fərqli layihələrdə iştirak etmək imkanları qazandığını və artıq serialdan ayrılmağı düşünmədiyini bildirib:

“Sonra bütün bu digər işləri görmək imkanım oldu və buna görə də hazırda ayrılmağı düşünmürəm. İndi ayrılmaq istəyirəmmi? Xeyr. Niyə? Çəkilişlər zamanı bir film çəkdim, altı həftəlik fasilədə teatr tamaşasında oynadım. Emmi mükafatlandırma mərasimini aparıram".

27 ildir Olivia Benson obrazında

Mariska Harqitay 1999-cu ildə başlayan “Law & Order: Special Victims Unit” serialında detektiv Olivia Benson obrazını canlandırmağa davam edir. 2016-cı ildə serialın icraçı prodüserlərindən biri olan aktrisa bu rolla Emmi mükafatına layiq görülüb.

“Law & Order” franşizasının uğuru zamanla “Special Victims Unit”, “Criminal Intent”, “Trial by Jury”, “LA”, “UK”, “True Crime” və “Organized Crime” olmaqla yeddi spin-off serialının ərsəyə gəlməsinə səbəb olub.

2019-cu ildə “Law & Order: Special Victims Unit” televiziya tarixində ən uzun müddət yayımlanan canlı aktyor heyətli serial adını qazanıb.

Harqitayın bir vaxtlar karyerasını məhdudlaşdıracağından qorxduğu Olivia Benson rolu isə əksinə, onu televiziya tarixinin ən tanınan aktrisalarından birinə çevirib.

Aydın