Ermənistanda vəziyyət bir az düzəlməyə meyllidir deyəsən. Qonşularımız sanki mağara adamından insana çevrilmək mərhələsindədirlər. Özü də keçmiş jurnalist Paşinyanın sayəsində.
O Paşinyanın ki, onunla erməni kilsəsi də bacarmadısa, deməli zaval yoxdur, baxmayaraq ki, Rusiya faktoru hələ tam tükənməyib, kilsə də ona bağlıdır, “beşinci kolon” da, Koçaryanlar, Sarqsyanlar da və əlbət, Karapetyanlar da...
Paşinyan gözləniləndən ağıllı çıxdı. Seçkini uddu və fərz olunandan fərqli rusiyapərəst müxalifət bir fokus çıxara bilmədi. İndi əsas odur ki, onun komandasında dönüklər olmasın. Hakim elitanı parçalamaq – bu üsul Rusiyanın hələ istifadə etmədiyi rezervlərdəndir. Amma deyəsən, bu dəfə Paşinyan müxalifəti parçalayacaq, özü də vəzifə verməklə və çox düz də edəcəkdir.
Paşinyanın qarşısında iki problem var. Birincisi Azərbaycan və Türkiyəylə münasibətləri yoluna qoymaq üçün konstitusiya islahatını aparmaqdır.
Bunun ən optimal üsulunu (rəqib partiyalaırn da adamlarına vəzifələr verməklə!) Paşinyan özü bilir. Bakı artıq Ermənistanla blokadaya son verib, buradan Ermənistana hər gün qatarlar, qatarlarda isə ən müxtəlif yüklər gedir. Türkiyəylə münasibətləri yoluna qoymaq üçün də hər şey edilir. Əsas odur ki, Bakı və Ankara onlardan nə asılıdırsa, onu edirlər. Növbə İrəvanındır...
ABŞ da TRİPP layihəsinə dəstəyini davam etdirir. Artıq iyul ayının ortalarında layihəyə maliyyə dəstəyini iki dəfə artırdı. Layihəyə nəzarəti həyata keçirmək üçün Vaşinqton xüsusi diplomatik nümayəndə də təyin edibdir. Bir sözlə, proses gedir və davamlıdır.
Paşinyanın digər əsas problemi Moskvadır. Amma bir gözü Cənubi Qafqazda olsa da Rusiyanın başı özünə qarışmaqdadır. Ukrayna müharibəsi hamının Rusiyaya qarşı müharibəsinə çevrilib və ya gec-tez çevriləcək.
Avropa ölkələrini artıq bitərəf və neytral adlandırmaq olmaz; hansı neytrallıqdan söhbət gedə bilər ki, bunlar müharibənin bütün xərclərini çəkirlər! Amma adam bir az fantaziyasına meydan vermək istəyir: nə yaxşı olardı əgər nə vaxtsa, Yuqoslaviya kimi “Ukrayna tribunalı” da qurulardı!..
Əlbəttə, hələ buna var. Amma Rusiyaya qalib sözündən başqa bəlkə bütün sözlər uyuşur.
Arada sanki avro-eqonun da təzahürləri sezilir. İndi bunu “Patriot”larla bağlı iddia edirlər. Tramp lisenziya vəd etmişdi Ukraynaya, indi deyəsən, bundan vaz keçir. Məsələ bundadır ki, “Patriot”lar Ukraynaya bu gün, bu saat lazımdır. Kiyev özü bunu istehsal etməyə başlasa bir-iki ildən tez başa gəlməyəcək. Avropa ölkələri özlərininkini verə bilərlər, amma bu da onların öz təhlükəsizliyilə bağlıdı. Bir sözlə, bir görək, necə həll olur məsələ...
Hətta Ukrayna müharibəsində Kreml sanki həm də çox komponentlı müharibə oyunu oynamaq istəyir: baxın, vurulan obyektlərin içində hərdən Azərbaycanın, Moldovanın, hətta Baltik ölkələrinin obyektləri olur. Bəs hər şey təsadüfdürsə, niyə burada digər postsovet ölkələrinə məxsus obyektlər vurulmur? Bunu istəmirik, amma formal olaraq qeyd edirik ki, niyə, məsələn, Mərkəzi Asiya ölkələrinin, Ermənistanın və qeyrisinin səfirliklərinə zədə, ya ziyan dəymir? Biz hələ də bu məsələnin dərinliklərinə getmirik, deyirik ki, müharibədir və burada hər cür obyekt vurula bilər, amma düşünmürük ki, Rusiyanın hərbi kəşfiyyatı artıq o günə qalıb ki, ruslar raketləri hara gəldi atırlar...
Ermənistanın bəxti onda gətirib ki, Rusiyayla sərhədi yoxdur. Amma zənnimizcə, bu, Moskva üçün əsas əngəl deyil. Əgər Ukraynadan atılan raketlə Xəzər dənizində İran gəmisi vurulursa, niyə Moskvadan atılan raketlə Ermənistan vurulmasın? İrəvanın bəxti başqa məsələdə gətirib və o, da budur ki, Kremlin arzularıyla imkanları bərabər deyil, mütənasiblik yoxdur bu müstəvidə. Hələ illər öncə çeçenlər göstərdi ki, hətta kiçik bir xalq da rus tankları qarşısında duruş gətirə bilər. Ukraynada müharibə isə beşinci ildir davam edir və hiss olunur ki, Putinə qələbə paradı keçirmək qismət olmayacaq.
Bir neçə ilin söhbətidir. Suriyada vətəndaş müharibəsi davam edirdi, ruslar da ora soxulmuşdular. Siz hərbçilərin cərgəsi önündən keçən Putin cənablarının ədasına baxardınız! Bu, bir yana, hərbçilərin özlərinin sifətindəki ifadəyə baxardız! Sanki bunlar müharibə üçün, haranısa işğal etmək, harasa öz əskilərini asmaq üçün ölürlər. Yeri gəlmiş, Suriya da Bəşər Əsədə ölüm hökmü kəsdi və bir də gördün Moskva onu nəyəsə dəyişdi. Niyə də yox! Özləri deyirlər ki, Rusiyanın maraqları (məsələn, Suriyada qalan hərbi bazalar üçün indiki hakimiyyətlə anlaşmaq) hər şeydən və ya hamıdan üstündür...
Yaxın aylar üçün Rusiyanın əsas siyasi həmlələrini Erməmistan istiqamətində sezmək mümkün olacaq – ruslar İrəvanın AİİB-də və KTMT-də iştirakına aydınlıq gətirməyə çalışacaqlar. Amma bir şey edə bilməyəcəklər, çünki etsələr bu, Ermənistan üçün böyük xidmət olar, İrəvanın etməyə cəsarət etmədiyini Kreml özü edər, amma olmayacaq bu - ən azı belə tezliklə...
Paşinyan ağıllı adamdır, o, heç də Rusiyayla əlaqələri tamam kəsməyi düşünmür, onun məqsədi Rusiyanın Ermənistandakı iqtisadi inhisarına son qoymaqdır. Rusların da isterikası bununla bağlıdır, çünki onlarınkı monopoliyadır, onlar adi, hamı kimi rəqabət şəraitində işləyə bilmirlər...
Rəqabət də, əxlaq da, ləyaqət də azadlıq olanda olur. Ona görə də erməni cəmiyyəti təkcə məntəqələrdə yox, ürəklərdə də seçim etməlidir – özü də təkcə özləri üçün yox, regionun bütün adamları üçün, çünki qonşun adam olmayanda adam kimi yaşamaq olmur...
Hüseynbala Səlimov
Şərhlər