ABŞ-ın Konnektikut Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qadın astronavtlar sosial şəbəkələrdə mürəkkəb elmi faktları şəxsi hekayələr və populyar mədəniyyət elementləri ilə birləşdirərək elmi uğurla geniş auditoriyaya çatdırırlar.
Qaynarinfo xəbər verir ki, üç influencerə həsr olunmuş tədqiqatın nəticələri “Journal of Science Communication” (JCOM) elmi jurnalında dərc olunub.
Alimlər “Virgin Galactic”in tədqiqat missiyasının üç iştirakçısı — Kelli Cerardi, Şona Pandya və Nora Pattenin sosial şəbəkələrdəki 194 paylaşımını təhlil ediblər. Mütəxəssislər 24 iyun–24 noyabr 2024-cü il tarixlərində onların paylaşımlarının bütün komponentlərini — fotoları, mətnləri, videoları, audiomaterialları və heşteqləri araşdırıblar.
Astronavtlar videolarında trend musiqilərdən istifadə edir, Teylor Svift və Devid Bouiyə istinadlar edir, mətnlərinə yumor və söz oyunları əlavə edirlər. Məsələn, Cerardi müğənni Charli XCX-in yaratdığı “Brat” estetikasına istinad edərək özünü “bratstronavt” adlandırır və parlaq çəhrayı uçuş gödəkçəsi geyinir. Bununla o, qadınlıq və elmi nüfuzun bir-biri ilə uyğun olduğunu nümayiş etdirir.
Planlı təlimlər və mikroqravitasiya şəraitində aparılan təcrübələrlə yanaşı, influencerlər şəxsi təcrübələrindən də danışırlar. Cerardi analıq və ekstrakorporal mayalanma proseduru ilə bağlı çətinlikləri bölüşüb. Patten 15 yaşında atası ilə birlikdə Kennedi Kosmik Mərkəzinə ilk səfərini xatırlayıb. Pandya isə astronavt olmasına kömək edən mentorlarından danışıb.
Tədqiqatçıların fikrincə, belə səmimi hekayələr auditoriyaya yalnız uğurlu alimləri deyil, həm də uğura gedən yolu heç də həmişə düzxətli olmayan adi insanları görməyə imkan verir. Ümumilikdə 1,5 milyon izləyiciyə sahib olan bu qadınlar kosmos arzusunda olan qızlar üçün nümunəyə çevrilə bilərlər.
Cəmiyyətdə ənənəvi olaraq ciddi alimin necə görünməli və davranmalı olduğuna dair stereotip mövcuddur. Qadınlar öz hekayələrini paylaşaraq və analıqdan qız övladı olmağa, həkimlikdən moda həvəskarlığına qədər müxtəlif rolları bir araya gətirərək bu çərçivələri dəyişirlər.
Aydın
Şərhlər