XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Yaponiyada əcnəbilərin daimi yaşayış icazəsi bahalaşdı: 20 dəfə artırıldı
Dünya18:29 01.10.2026

Yaponiyada əcnəbilərin daimi yaşayış icazəsi bahalaşdı: 20 dəfə artırıldı

Yaponiya ölkədə daimi yaşayış icazəsi almaq istəyən əcnəbilər üçün rüsumu 20 dəfə artıraraq 200 min yenə (təxminən 61 min 915 TL) çatdırıb.

Qaynarinfo xəbər verir ki, yeni qaydalara əsasən, daimi yaşayış icazəsi almaq istəyənlər gəlir səviyyəsi, pensiya ödənişləri və yapon dili biliyi ilə bağlı əlavə tələblərə də cavab verməli olacaqlar.

Rüsum artımından əvvəl müraciət etmək istəyənlər həftənin əvvəlində miqrasiya idarələrinin qarşısında uzun növbələr yaradıblar. Tokiodakı miqrasiya idarəsinin qarşısında gözləmə müddətinin 7 saatı keçdiyi bildirilir.

Yaponiya hökuməti son dövrlərdə miqrasiya siyasətində dəyişikliklər edir. İyul ayında bütün əcnəbilər üçün viza rüsumları 5 dəfə artırılıb. Bu, ölkədə 50 ildən sonra ilk belə artım olub. Hakimiyyət qərarın inflyasiya və valyuta məzənnəsindəki dəyişiklikləri nəzərə almaq məqsədi daşıdığını açıqlayıb.

Bununla belə, əhalinin yaşlanması səbəbindən Yaponiya əmək bazarındakı çatışmazlığı aradan qaldırmaq üçün xarici işçilərə getdikcə daha çox ehtiyac duyur. 2025-ci ilin sonunda ölkədə yaşayan əcnəbilərin sayı 4,12 milyonu keçib ki, bu da əvvəlki illə müqayisədə 9,5 faiz artım deməkdir.

Yeni qaydalara əsasən, daimi yaşayış icazəsi üçün müraciət edən şəxsin gəliri Yaponiya üzrə orta gəlir səviyyəsinə bərabər və ya ondan yüksək olmalıdır. 2024-cü ildə orta illik ev təsərrüfatı gəliri 5,75 milyon yen təşkil edib.

Gələn ilin aprelindən etibarən müraciət edənlər üçün daha sərt şərtlərin tətbiqi nəzərdə tutulur. Onlardan əsas səviyyədə yapon dili biliyi tələb olunacaq. Yerli mediaya görə, bu dəyişiklik yapon dili kurslarına və dil imtahanlarına müraciətlərin artmasına səbəb olub.

Bundan başqa, müraciət edən şəxsin gələcəkdə alacağı pensiyanın da müəyyən minimum səviyyəyə çatması tələb olunacaq. Gözlənilən pensiya bu həddən aşağı olarsa, şəxsin maliyyə aktivləri də nəzərə alına bilər.

Qərar ölkədə yaşayan bəzi əcnəbilərin narazılığına səbəb olub. Tokioda 10 ildir yaşayan Micaiah Stevens yeni tələblərin əcnəbilər üçün əlavə maliyyə və dil yükü yaratdığını bildirib:

“Yalnız Yaponiyada işləmək və vergi ödəmək üçün orta yapon vətəndaşından daha çox qazanmağımız və daha yüksək rüsum ödəməyimiz tələb olunur”.

O, dil və mədəniyyət baryerinin onsuz da əcnəbilərin ölkəyə gəlməsini çətinləşdirdiyini deyib.

Maddi çətinlik yaşayan şəxslər və qaçqın statusu tanınan müraciətçilər üçün isə rüsumda güzəştlərin tətbiq olunacağı bildirilir.

Günay