Tarixçi alim, professor Mim Kemal Ökenin Türkiyədə din, ordu və dövlət münasibətlərinə həsr etdiyi əsərlər ölkənin siyasi modernləşməsinin mühüm ziddiyyətlərindən birini önə çıxarır - Türkiyə siyasətini yalnız partiyalar və seçkilərlə izah etmək mümkün deyil.
“Din-Ordu Gerilimi”, “Derviş ve Komutan” kimi əsərlərində Öke dövlət, ordu və din arasındakı gərginliyin Türkiyənin siyasi inkişafına təsirini araşdırırdı. Çünki bu ölkədə siyasətin görünən səhnəsinin arxasında daha dərin bir mübarizə gedirdi-dövlət özünü necə müəyyənləşdirir, dinə hansı sərhədləri çəkir, cəmiyyət isə dəyişən tələblərini siyasi sistemə necə daşıyır?
Bu baxımdan 28 Fevral prosesi Türkiyənin siyasi tarixində mühüm dönüş nöqtələrindən biri oldu.
1995-ci il parlament seçkilərində Rifah Partiyası ən çox səs topladı. 1996-cı ildə Nəcməddin Ərbakan baş nazirliyə gəldi. Lakin hökumətin siyasi xətti ilə dövlətin dünyəvi xarakterinə dair təhlükəsizlik yanaşmaları arasındakı gərginlik sürətlə dərinləşdi. 28 fevral 1997-ci ildə Milli Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar artıq dərinləşən qarşıdurmanı daha da kəskinləşdirdi. Bir neçə ay sonra Ərbakan istefa verdi, 1998-ci ildə isə Rifah Partiyası Konstitusiya Məhkəməsi tərəfindən bağlandı.
Amma məsələ bir hökumətin süqutu ilə bitmədi. Əksinə, daha fundamental sual ortaya çıxdı - siyasi-dini ənənə dövlətlə münasibətini necə dəyişməli idi?

Bəzən qapını bağlamaq ideyanı öldürmür. Sadəcə onu başqa qapı axtarmağa məcbur edir.
28 Fevraldan sonra həmin ənənənin qarşısında iki yol vardı: sistemlə açıq qarşıdurmanı davam etdirmək, yaxud sistemin daxilində yeni siyasi dil, yeni təşkilatlanma və yeni sosial koalisiya qurmaq.
Rəcəb Tayyib Ərdoğan və “yenilikçilər” getdikcə ikinci istiqamətə yönəldilər. Bu yeni siyasi xəttdə Ərdoğanın 1994-cü ildə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı seçilməsi xüsusi yer tuturdu. Burada o, ölkə miqyasında hakimiyyətə gəlməzdən əvvəl real idarəçilik təcrübəsi qazandı və seçici ilə münasibətdə gündəlik problemləri və idarəçilik məsələlərini ön plana çıxardı. Bu, mühüm dönüş idi. Çünki siyasi iddia artıq yalnız dünyagörüşü ilə deyil, xidmət, idarəçilik və nəticə üzərindən də qurulurdu.
2001-ci ildə Ədalət və İnkişaf Partiyasının - AKP-nin yaradılması ilə yeni mərhələ başladı. 2002-ci il seçkilərində partiya 363 mandat qazanaraq təkpartiyalı hökumət qurdu. Ərdoğan isə siyasi qadağaya görə həmin seçkidə deputat ola bilmədi. 2003-cü il martın 9-da Siirt üzrə yenilənmiş seçkidə deputat seçildi və martın 15-də baş nazir oldu. Siirt seçkisinin yenilənməsi isə 2002-ci il seçkisində həmin dairədə müəyyən edilmiş pozuntulara görə nəticələrin ləğv edilməsindən sonra baş vermişdi.
AKP-nin siyasi dili Milli Görüş ənənəsinin dili ilə eyni deyildi. “Demokratiya”, “Avropa”, “islahat”, “vətəndaş” kimi anlayışlar yeni diskursun mühüm elementlərinə çevrildi. Beləliklə, Milli Görüşdən gələn siyasi ənənə seçki siyasətinə, sosial dəyişikliklərə və dövlət institutlarına uyğunlaşan yeni siyasi dil qazandı.Bu dəyişiklik yalnız liderlərin strategiyası deyildi.
Özalın açdığı sosial yol

Türkiyədə 1980-ci illərdən etibarən sosial-iqtisadi struktur da dəyişirdi. Turqut Özal dövründə bazar iqtisadiyyatına açılma, özəl sahibkarlığın genişlənməsi və Anadolu şəhərlərində yeni biznes təbəqəsinin yaranması ölkənin sosial xəritəsini dəyişdi. Yeni Anadolu sahibkarı artıq yalnız dini və mədəni kimliyi ilə deyil, iqtisadi gücü, şəhərləşməsi və siyasi tələbləri ilə də önə çıxırdı.
Ərbakanın siyasi yüksəlişini yalnız ideoloji faktorlarla izah etmək çətindir. Özal dövründə sürətlənən iqtisadi və sosial dəyişikliklər dini-mühafizəkar təbəqələrin iqtisadi və siyasi çəkisini də artırmışdı. Ərdoğanın siyasi yüksəlişi ilə bu sosial baza daha geniş siyasi koalisiyanın əsaslarından birinə çevrildi.
Qorxu qorxunu doğururdu
Türkiyənin həmin dövrünü anlamaq üçün “qorxu” anlayışı açar rolunu oynayır. Bir tərəfdə dünyəvi dövlət quruluşunun təhlükə qarşısında olduğu qorxusu vardı. Digər tərəfdə isə dindar və mühafizəkar təbəqələrin dövlət tərəfindən sıxışdırıldığına dair güclü inam.
Bir tərəfdə təhlükəsizlik refleksi, digər tərəfdə siyasi və mədəni məhdudiyyətlərdən doğan səfərbərlik vardı.
Bir tərəfin qorxusu digər tərəfin siyasi mobilizasiyasına çevrildi, bu mobilizasiya isə birinci tərəfin təhlükə təsəvvürünü daha da gücləndirdi. 28 Fevralın siyasi miraslarından biri də bu qarşılıqlı inamsızlıq oldu. Sonrakı siyasi nəsil isə həmin münasibəti başqa üsulla qurmağa çalışdı - qarşıdurmanı seçki legitimliyi, iqtisadi inkişaf, sosial siyasət və institusional dəyişikliklərlə əvəz etmək.

2002-ci ildən sonra Türkiyədə dövlət-cəmiyyət münasibətləri əhəmiyyətli şəkildə dəyişdi. AKP-nin ilk illərində Avropa İttifaqına üzvlük prosesi çərçivəsində hüquqi və konstitusion islahatlar aparıldı. Ordu ilə siyasi hakimiyyət arasındakı münasibətləri dəyişdirən institusional islahatlar da həyata keçirildi. Lakin bu proses heç vaxt düzxətli olmadı. 2007-ci il prezident seçkiləri ətrafındakı böhran və həmin il keçirilən referendumla prezidentin xalq tərəfindən seçilməsi qaydasının qəbul edilməsi, 2013-cü il Gezi etirazları və 2016-cı il çevriliş cəhdi Türkiyədə dövlət, siyasət və cəmiyyət münasibətlərinin yeni və fərqli böhranlarla üzləşdiyi mərhələlər oldu.
2017-ci il referendumunda qəbul edilən konstitusiya dəyişiklikləri ilə parlamentli hökumət sistemindən prezidentlik sisteminə keçidin hüquqi əsası yaradıldı; yeni sistem 2018-ci ildə tətbiq olundu.
Beləliklə, Ərbakan dövründə dövlətlə ideoloji qarşıdurma kimi görünən siyasi xətt Ərdoğan dövründə fərqli siyasi dil və daha geniş sosial dayaqlarla yeni mərhələyə keçdi və zamanla dövlət institutlarına da təsir göstərdi.
Əsl sual cavabsız qalır

Əsl sual Ərbakanın nə qədər siyasi islamçı, Ərdoğanın nə qədər mühafizəkar və ya onlardan hansının daha fərqli olması deyil. Əsas sual budur - dinin siyasi həyatda rolu necə dəyişdi? Ərbakan Türkiyənin dövlət quruluşu ilə açıq ideoloji qarşıdurmaya girən siyasi xəttin əsas simalarından biri idi. Ərdoğan isə həmin siyasi ənənədən gəlməklə yanaşı, onu fərqli siyasi dil, seçki strategiyası və idarəçilik təcrübəsi ilə yeni mərhələyə daşıdı. Bu baxımdan Ərbakandan Ərdoğana gedən yol sadəcə bir siyasi nəslin dəyişməsi deyildi. Bu, Türkiyədə dövlətin, dinin və siyasi hakimiyyətin bir-birinə münasibətinin yenidən qurulması idi. Ərbakandan Ərdoğana uzanan siyasi xətti izləmədən Türkiyənin bugünkü siyasi mənzərəsini tam anlamaq çətindir. Bu xətt ölkənin keçmişindən bu gününə uzanan mühüm siyasi prosesləri özündə birləşdirir...
Azər Rəşidoğlu
Şərhlər