Xəbər lenti

Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər
Dünya21:35 12.11.2026

Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yerətrafı orbitdə baş verəcək bir nüvə partlayışı kosmosda süni radiasiya qurşağı yarada və aşağı Yer orbitində fəaliyyət göstərən peyklərin demək olar ki, hamısını sıradan çıxara bilər.

Qaynarinfo xəbər verir ki, bu qənaətə Viskonsin-Medison Universiteti, Prinston Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. Araşdırmanın nəticələri elmi məqalələrin dərc olunduğu arXiv platformasında yayımlanıb. Bununla belə, tədqiqat hələ elmi ekspertizadan keçməyib.

Alimlər hipotetik ssenari əsasında gücü bir meqaton olan nüvə partlayışının 500 kilometr yüksəklikdə, Cənubi Atlantika üzərində baş verməsinin mümkün nəticələrini modelləşdiriblər. Hesablamalara həmin dövrdə aşağı Yer orbitində fəaliyyət göstərən təxminən 13,3 min peyk daxil edilib.

Modelə əsasən, partlayış nəticəsində yaranan radioaktiv hissəciklər Yer kürəsinin maqnit sahəsinin təsiri ilə orbitdə qalaraq süni radiasiya qurşağı formalaşdırır. Peyklər bu zonadan dəfələrlə keçdikcə radiasiya təsirinə məruz qalır və onların elektron sistemlərində ciddi zədələnmələr yaranır.

Hesablamalar göstərib ki, belə bir ssenaridə peyklərin təxminən 25 faizi ilk 24 saat ərzində, 78 faizi üç gün ərzində, 98 faizi isə bir həftə ərzində fəaliyyətini dayandıra bilər.

Tədqiqatçılar peyklərin radiasiyaya davamlılığının üç dəfə artırıldığı alternativ ssenarini də nəzərdən keçiriblər. Lakin bu halda belə, iki həftə ərzində peyklərin təxminən 97 faizinin sıradan çıxacağı proqnozlaşdırılıb.

Bundan başqa, peyklərin idarəetmə və manevr imkanlarını itirməsi orbitdə toqquşma riskini də artırır. Modelə görə, ilk iki il ərzində təxminən 20 toqquşma baş verə bilər. Bu isə kosmik tullantıların miqdarının artmasına və digər peyklər üçün əlavə təhlükələrin yaranmasına səbəb ola bilər.

Alimlər vurğulayırlar ki, göstərilən rəqəmlər konkret partlayış gücü, peyklərin orbitlər üzrə yerləşməsi və radiasiyadan qorunma səviyyəsi əsasında qurulmuş kompüter modelinin nəticələridir. Buna görə də bu göstəricilər kosmosda baş verə biləcək istənilən nüvə partlayışının universal nəticəsi kimi qəbul edilməməlidir.

Aydın