Xəbər lenti

Rəqəmlər artır, bəs cibimizdə nə qalır? - Orta əməkhaqqı və inflyasiya müqayisəsi
Ekonomiks17:17 12.11.2026

Rəqəmlər artır, bəs cibimizdə nə qalır? - Orta əməkhaqqı və inflyasiya müqayisəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda orta aylıq nominal əməkhaqqı 2026-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manata çatıb. Eyni dövrdə ölkədə istehlak qiymətlərində də dəyişikliklər qeydə alınıb. Əməkhaqqının nominal artımı, inflyasiya göstəriciləri və əhalinin gündəlik xərcləri gəlirlərin real səviyyəsinin qiymətləndirilməsində əsas göstəricilər hesab olunur.

Bu artımı əhalinin gəlirlərinin real yüksəlməsi kimi qiymətləndirmək olarmı?

İqtisadçı Günay Hüseynova Qaynarinfo-ya açıqlamasında bildirib ki, 7,8 faizlik artımı bütün əməkhaqlarına şamil etmək və 1172,7 manatlıq göstəricini vətəndaşların faktiki qazancı kimi qəbul etmək düzgün deyil.

Onun sözlərinə görə, bu məbləğ minimum əməkhaqqı deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqıdır:

“İlk növbədə bir məsələyə aydınlıq gətirim ki, 7-8 faiz nəzərdə tutulan göstərici bütün əməkhaqlarına şamil edilməyib. Həmin nəzərdə tutulan 1172 manatlıq məbləğ də minimum əməkhaqqı anlamına gəlmir. Həmçinin bütün vətəndaşlar həmin məbləğə çalışmır. Əksər vətəndaşlar minimum əməkhaqqına, müəyyən hissə isə həmin nəzərdə tutulan məbləğdən daha yüksək məbləğə çalışır. Sadəcə qeyd olunan göstərici nominal orta aylıq əməkhaqqıdır, orta bir rəqəmdir”.

İqtisadçı qeyd edib ki, əməkhaqqındakı nominal artımı qiymət dəyişiklikləri ilə müqayisə edərkən bütün gəlir qruplarının eyni səviyyədə maaş artımı əldə etmədiyini nəzərə almaq lazımdır. Bəzi sahələrdə ümumiyyətlə əməkhaqqı artımı qeydə alınmaya bilər. G.Hüseynova ərzaq inflyasiyasının aylıq göstəricilərinin də dəyişdiyini vurğulayıb:

“Ərzaq inflyasiyası göstəricisi aylıq olaraq dəyişə bilir: 6,9, 7,2, 6,8 və sair statistikalar mövcuddur. Bu da onu deməyə əsas verir ki, bütün gəlirlər 7-8 faiz civarında artmayıb. Müəyyən sahələr vardır ki, məsələn, heç əməkhaqqı artımı olmayıb. Sadəcə ildə bir dəfə minimum əməkhaqqı artırılanda məcburi olaraq sahibkar da şəxslərin, belə desək, əməkhaqlarını artırıbdır. Lakin ərzaq inflyasiyası aylıq olaraq dəyişə bilir.

Bunları nəzərə alaraq və xüsusilə də inflyasiyanın orta göstəricisini orta nominal əməkhaqqı ilə müqayisə etdikdə görürük ki, gəlirlər artmayıb. Gəlirlər artmış kimi görünsə də, realda arxa planda situasiya tamamilə fərqlidir”.

İqtisadçının fikrincə, nominal əməkhaqqı artımının vətəndaşların büdcəsinə təsiri onların gəlir səviyyəsindən asılıdır. Eyni faizlə maaş artımı aşağı, orta və yüksək gəlirli şəxslər üçün eyni nəticəni vermir. O bildirib ki, xüsusilə minimum əməkhaqqı ilə çalışan vətəndaşların maliyyə yükü qiymət dəyişikliklərindən daha çox təsirlənir:

“400 manat əməkhaqqı alan birinin 7-8 faiz maaş artımı ilə 1000, 1500, 2000 manat alan şəxsin maaş artımı tamamilə fərqlidir. Təbii ki, şəxsləri kateqoriyasına görə bölsək – azgəlirli, ortagəlirli və yüksəkgəlirli – yüksəkgəlirlilərdə artım onların maliyyə yükünü bir o qədər də artırmır. Lakin əsas güc azgəlirli, xüsusilə də minimum əməkhaqqı ilə çalışan vətəndaşın büdcəsinə təsir göstərir.

Ən yaxşı halda minimum əməkhaqqı alan vətəndaşın gəlirlərinin 7-8 faiz artdığını düşünsək və eynilə də aylıq ərzaq inflyasiyası üzərindən bunu hesablasaq, demək olar ki, şəxsin gəlirləri stabil qalmış olur. Yaxud da müəyyən mal və xidmətlər üzrə inflyasiya gəlir artımını üstələdiyi üçün şəxsin maliyyə yükü artmış olur”.

Günay Hüseynova əlavə edib ki, əməkhaqqının nominal artımını bütün əhalinin gəlirlərinin yüksəlməsi kimi təqdim etmək düzgün yanaşma deyil. Çünki maaşlarla yanaşı, insanların gündəlik xərcləri də dəyişir.

“Biz ümumi deyə bilmərik ki, bütün əməkhaqları müəyyən həcmdə artıb və bu da o deməkdir ki, şəxsin gəlirləri yüksəlib. Xeyr, şəxsin gəlirləri artmır. Çünki buna uyğun olaraq xərclər də artır. O zaman deyə bilərik ki, şəxslərin maliyyə yükü azalıb və yaxud da müəyyən sahələrə investisiya edə bilər, gəlirləri artıb. Bu isə o zaman mümkündür ki, nəzərdə tutulan inflyasiya göstəricisi, həqiqi inflyasiya göstəricisi şəxsin artan gəlirlərinin aşağı səviyyəsində olsun”.

İqtisadçı gələn illərdə də inflyasiya göstəricilərinin əməkhaqqının real artımına təsir edəcəyini bildirib. Onun sözlərinə görə, müvafiq qurumun proqnozlarına əsasən, növbəti illərdə inflyasiyanın 5-6 faiz civarında olacağı gözlənilir. Lakin bu, orta göstəricidir və ayrı-ayrı sahələrdə qiymət artımı daha yüksək ola bilər. G.Hüseynova hesab edir ki, əhalinin real gəlirlərinin artmasından danışmaq üçün əməkhaqqındakı yüksəliş inflyasiya səviyyəsini üstələməlidir:

“Real yüksəlmə o zaman olar ki, həqiqətən də gəlirlər inflyasiyadan çox-çox yüksək olsun. Ümumiyyətlə, bu tarazlıq qoruna bilməz ki, gəlirlər inflyasiyanın çox-çox üzərində olsun, onu üstələsin. Lakin müəyyən dövrlərdə inflyasiya göstəriciləri ilə gəlirlərin artması arasında yaxınlıq olur. Sadəcə müəyyən cüzi fərq yaranır. Əsas odur ki, aradakı bu fərq real rəqəmlərlə ifadə olunsun.

Məsələn, inflyasiyanın göstəriciləri proqnozda 5-6 faiz səviyyəsində göstərilibsə, əhalinin gəlirləri də ən azı 8-9 faiz olmalıdır ki, o zaman deyə bilək ki, əhalinin gəlirləri artıb və onların maliyyə yükü azalıb”.

Günay İlqarqızı