
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner noyabrın 12-də səhər saatlarında Moskvaya gəliblər. Onların Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukrayna müharibəsinin dayandırılması və sülh nizamlanması məsələlərinin müzakirə olunacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya mətbuatı Putinin köməkçisi Yuri Uşakovun açıqlamasına istinadən məlumat yayıb.
Uşakovun sözlərinə görə, tərəflər Ukrayna ətrafındakı böhranın davamlı həllinə gətirib çıxara biləcək müxtəlif məsələləri nəzərdən keçirəcəklər.
“Bu gün böhranın davamlı şəkildə nizamlanmasına aparan müxtəlif məsələləri axtaracaq və müzakirə edəcəyik. Söhbət sülh yolu ilə həllə nail olunması ilə bağlı bütün məsələlərdən gedir”, deyə o bildirib.
Qeyd edək ki, Uitkoff və Kuşner Moskvaya Əbu-Dabidə keçirilən danışıqlardan sonra gəliblər. Onların təyyarəsi Vnukovo hava limanına enib. ABŞ nümayəndələrini hava limanında Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın növbəti addımlarının Əbu-Dabidəki danışıqlardan sonra nümayəndə heyətlərinin təqdim edəcəyi hesabatlardan asılı olacağını bildirmişdi.
Lavrovun sözlərinə görə, Vladimir Medinskinin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti danışıqların gedişi barədə Putinə mütəmadi məlumat verir. ABŞ nümayəndələrinin isə Rusiya liderinə şəxsən məruzə etməsi gözlənilir.
Aydın