Xəbər lenti

"Nvidia"da casusluq qalmaqalı böyüyür: CEO-nun çinli qadınla münasibəti araşdırılır
Dünya11:11 12.11.2026

"Nvidia"da casusluq qalmaqalı böyüyür: CEO-nun çinli qadınla münasibəti araşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın aparıcı çip istehsalçılarından olan “Nvidia” şirkətinin rəhbəri Censen Huan ətrafında casusluq qalmaqalı yaranıb. Onun Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətinin üzə çıxması ABŞ-da ciddi müzakirələrə səbəb olub.

Qaynarinfo xəbər verir ki, ABŞ və Çin arasında texnologiya sahəsində rəqabətin kəskinləşdiyi bir vaxtda gündəmə gələn iddialarla bağlı həm şirkət, həm də Federal Təhqiqat Bürosu (FTB) araşdırmaya başlayıb.

Məlumata görə, Huanın münasibətdə olduğu 43 yaşlı Alise Huanın əvvəllər Çin dövlət televiziyasında jurnalist kimi çalışdığı, daha sonra isə maliyyə sektoruna keçdiyi bildirilir. O, HSBC və CITIC Securities kimi qurumlarda işləyib, 2023-cü ildə Sinqapurda yerləşən “Megaspeed” şirkətində rəhbər vəzifə tutub.

İddialara əsasən, Alise Huan “Nvidia” və distribütor şirkətlərindəki əlaqələrindən istifadə edərək ABŞ-ın ixrac məhdudiyyətlərinə məruz qalan süni intellekt çiplərinin Çinə göndərilməsində iştirak edib. Söhbət ümumilikdə təxminən 240 min ədəd H100, H200 və A100 model çipdən gedir. Bu məhsulların ümumi dəyərinin ən azı 7,5 milyard dollar olduğu iddia edilir.

Qalmaqalın mərkəzindəki Censen Huan isə şirkət əməkdaşlarına göndərdiyi açıqlamada həyat yoldaşına xəyanət etdiyini etiraf edib və ailəsindən üzr istəyib. Bununla belə, münasibətin şirkətin kommersiya məlumatlarının və texnoloji sirlərinin təhlükəsizliyinə təsir göstərib-göstərmədiyi araşdırılır.

“Nvidia” məsələni araşdırmaq üçün müstəqil hüquqi yoxlama başladıb. Bundan əlavə, ABŞ Konqresinin Nümayəndələr Palatasının bir neçə komitəsinin rəhbəri Huanı noyabrın 18-də qapalı dinləməyə dəvət edib. Ondan həm şəxsi münasibətləri, həm də şirkətin xarici kəşfiyyat fəaliyyətlərinə qarşı təhlükəsizlik tədbirləri barədə məlumat verməsi istənilib.

ABŞ Prezidenti Donald Tramp isə Censen Huanı müdafiə edib. O bildirib ki, Huandan sözügedən qadının casus olub-olmadığını soruşub və CEO-nun bundan xəbərsiz olduğunu deməsinə inandığını söyləyib.

Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi yayılan iddiaları böhtan adlandırıb. Alise Huan isə ittihamlarla bağlı hələlik ictimai açıqlama verməyib.

Aydın