Xəbər lenti

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar
Sağlamlıq08:45 12.11.2026

İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Günün müəyyən saatlarında infarkt və insult keçirmə ehtimalı daha yüksək olur. Xüsusilə səhər saat 06:00-dan 09:00-dək ürək-damar ağırlaşmaları riski kəskin artır.

Qaynarinfo xəbər verir ki, bu barədə Harvard Tibb Məktəbinin həkim-qastroenteroloqu Trişa Paşriça "The Washington Post" nəşrinə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, səhər saatlarında insult riski 72 faiz, infarkt ehtimalı isə 40 faiz artır. Bunun əsas səbəbi yuxudan oyandıqdan sonra orqanizmdə baş verən fizioloji dəyişikliklərdir.

Mütəxəssis qeyd edib ki, səhər saatlarında yuxu və oyaqlıq dövrünü tənzimləyən melatonin hormonunun ifrazı azalır, stress hormonu hesab edilən kortizolun səviyyəsi isə yüksəlir. Eyni zamanda arterial təzyiq artır, qanın laxtalanmasında iştirak edən trombositlər bir-birinə daha çox yapışmağa meyilli olur. Bundan əlavə, orqanizmdə trombların əriməsinə mane olan zülalın konsentrasiyası yüksəlir.

Paşriçanın fikrincə, bu proseslərin birlikdə baş verməsi qan laxtalarının yaranması ehtimalını artırır və ürək-damar sisteminə əlavə yük yaradır. Xüsusilə arterial hipertoniyadan əziyyət çəkən şəxslər səhər saatlarında qan təzyiqinə daha diqqətlə yanaşmalıdırlar.

Həkim yüksək təzyiqi olan insanlara təyin edilmiş dərmanları vaxtında qəbul etməyi və müalicə rejimini pozmamağı tövsiyə edib. Onun sözlərinə görə, dərmanların qəbul vaxtını özbaşına axşam saatlarına keçirmək düzgün deyil. Əsas məsələ həkimin müəyyən etdiyi müalicə qaydalarına əməl etməkdir.

Mütəxəssis vurğulayıb ki, səhər saatlarında riskin artması infarkt və ya insultun mütləq baş verəcəyi anlamına gəlmir. Lakin ürək-damar xəstəlikləri olan şəxslərin səhərlər, dərman qəbul etməzdən əvvəl qan təzyiqini ölçməsi vacibdir. Bu, göstəricilərdəki dəyişiklikləri izləməyə və müalicənin effektivliyini qiymətləndirməyə imkan verir.

Aydın