
Qış aylarında soyuq hava, külək və qapalı məkanlarda istilik sistemlərinin yaratdığı quru mühit dodaqların çatlamasına, qabıqlanmasına və iltihablanmasına səbəb ola bilər. Mütəxəssislər bu problemlərin qarşısını almaq üçün dəriyə düzgün qulluqla yanaşı, qidalanmaya da diqqət yetirməyi tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, dermatoloq, tibb elmləri doktoru Yuliya Qallyamova bu barədə “Moskva 24” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, dodaqlarda quruluq və çatların yaranması çox vaxt meteoroloji xeylitlə əlaqədardır. Bu vəziyyət soyuq, külək və temperaturun kəskin dəyişməsi nəticəsində meydana çıxa bilər. İstilik mövsümündə mənzillərdə havanın quruması da problemi daha da ağırlaşdırır.
Dermatoloq dodaqları qorumaq üçün gigiyenik pomadadan müntəzəm istifadə etməyi, xüsusilə də evdən çıxmazdan əvvəl onu tətbiq etməyi məsləhət görür. Üz yuyulduqdan sonra dodaqların üzərində su saxlamamaq, onları yumşaq şəkildə dəsmalla qurutmaq da vacibdir. Çünki suyun buxarlanması dəridə quruluq hissini artıra bilər.
Qidalanma da mühüm rol oynayır
Qallyamova qeyd edib ki, dodaqların sağlamlığını qorumaq üçün gündəlik qida rasionunda kifayət qədər yağ olmalıdır. Bitki yağları və qoz-fındıq kimi məhsulların qəbulu dərinin vəziyyətinə müsbət təsir göstərə bilər.
Həkim onu da vurğulayıb ki, dodaqlardakı iltihab və çatlamalar hər zaman hava şəraiti ilə bağlı olmur. Bəzi hallarda buna diş çürüməsi, diş daşı və ya streptokok infeksiyası səbəb ola bilər.
Belə hallarda yalnız kosmetik vasitələrdən istifadə etməklə kifayətlənmək düzgün deyil. Problemin səbəbini müəyyənləşdirmək üçün müayinədən keçmək və mütəxəssisin təyin etdiyi müalicəni aparmaq lazımdır.
Aydın