
Fiziklər kainatın gözlənilmədən məhv olmasına səbəb ola biləcək hipotetik kvant prosesini laboratoriya şəraitində modelləşdiriblər. Söhbət “yanlış vakuumun parçalanması” adlanan və baş verəcəyi təqdirdə mövcud fiziki qanunları, maddəni və canlı aləmi yox edə biləcək hadisədən gedir.
Qaynarinfo xəbər verir ki, Pekindəki Tsinxua Universitetinin alimlərinin apardığı tədqiqatın nəticələri “Physical Review Letters” elmi jurnalında dərc olunub.
Alimlərin izahına görə, kainat zahirən sabit görünsə də, əslində mümkün olan ən dayanıqlı enerji vəziyyətində olmaya bilər. Nəzəriyyəyə əsasən, kosmosun istənilən nöqtəsində daha aşağı enerjili və sabit vəziyyətə malik həqiqi vakuum qabarcığı yarana bilər.
Belə bir qabarcıq meydana gələrsə, işıq sürətinə yaxın sürətlə genişlənərək ətraf məkanın fiziki xüsusiyyətlərini dəyişə bilər. Nəticədə atomlar, ulduzlar, planetlər və canlı orqanizmlər mövcudluğunu itirə, hazırda bildiyimiz fizika qanunları qüvvədən düşə bilər. Bu keçid baş verərsə, Yer kürəsinin yeni şəraitə uyğunlaşması üçün heç bir imkan qalmayacaq.
Alimlər prosesi necə modelləşdiriblər?
Tədqiqatçılar təcrübə zamanı Ridberq atomlarından istifadə ediblər. Bunlar elektronları nüvədən son dərəcə uzaq orbitlərə keçirilmiş atomlardır. Alimlər həmin atomları halqa şəklində düzərək əks spinli atomları növbələşdiriblər.
Daha sonra lazer vasitəsilə sistem yüksək enerjili vəziyyətə gətirilib. Bu vəziyyət yanlış vakuumun laboratoriya analoqu kimi qəbul edilib. Tədqiqatçılar sistemin daha sabit, ilkin vəziyyətə qayıtma prosesini izləyiblər. Müşahidələr göstərib ki, keçidin sürəti lazerin gücündən asılıdır.
Alimlər bildirirlər ki, belə bir kvant keçidi əvvəlcədən nəzərəçarpan xəbərdarlıq olmadan, spontan şəkildə baş verə bilər. Yaranan qabarcığın sərhədi işıq sürətinə yaxın hərəkət etdiyindən, onun Yerə çatacağı təqdirdə xəbərdarlıq siqnalının insanlardan əvvəl yayılması mümkün olmayacaq.
Bununla belə, tədqiqat kainatın sonunun yaxınlaşdığı anlamına gəlmir. Alimlər yalnız bu mürəkkəb prosesin kiçik atom sistemində kvant modelini yarada biliblər. Hazırda kainatımızın həqiqətən yanlış vakuum vəziyyətində olduğunu təsdiqləyən heç bir elmi sübut yoxdur.
Aydın