
Almaniyanın qərbində yerləşən və uzun müddət sönmüş hesab edilən Laax vulkanında aktivlik əlamətləri qeydə alınır. Alimlər mümkün güclü püskürmənin təkcə Almaniyaya deyil, Mərkəzi Avropanın böyük hissəsinə ciddi təsir göstərə biləcəyini bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Twoja Pogoda” məlumat yayıb.
Vulkan Reynland-Pfalts federal torpağında, Andernax şəhərinin yaxınlığında yerləşir. Laax vulkanı sonuncu dəfə təxminən 13 min il əvvəl püskürüb. Həmin vaxt atmosferə onlarla kubkilometr kül və pemza atılıb. Vulkanik materiallar Skandinaviyadan İtaliyaya qədər geniş əraziyə yayılıb.
Ən ciddi dağıntılar Reyn vadisində qeydə alınıb. Bəzi ərazilərdə vulkanik çöküntülərin qalınlığı 7 metrə çatıb. Kül və digər materiallar Reyn çayının məcrasını bağlayaraq genişmiqyaslı daşqınlara səbəb olub. Daha sonra vulkan konusunun çökməsi nəticəsində yaranan kaldera su ilə dolub və indiki Laax gölü formalaşıb.
Hazırda gölün mənzərəli görünüşünün arxasında alimləri narahat edən bir sıra əlamətlər dayanır. Belə ki, gölün cənub-şərq sahilində suyun dibindən karbon qazı qabarcıqları çıxır. Bundan başqa, bölgədə mütəmadi olaraq kiçik və orta güclü zəlzələlər qeydə alınır.
Tədqiqatçılar son dövrlərdə vulkanın aktivliyinə dair yeni sübutlar da əldə ediblər. Yeraltı müşahidələr zamanı 10-40 kilometr dərinlikdə mikrozəlzələlər qeydə alınıb. Zəlzələ ocaqlarının tədricən yer səthinə yaxınlaşması maqmanın yuxarı istiqamətdə hərəkət edə biləcəyinə işarə kimi qiymətləndirilir.
Mümkün güclü püskürmə zamanı ən böyük təhlükə Almaniyanın Koblenz və Bonn şəhərləri üçün yarana bilər. Bununla yanaşı, vulkan külünün atmosferə yayılması nəticəsində turşu yağışları, torpaq və su hövzələrinin çirklənməsi, temperaturun aşağı düşməsi və kənd təsərrüfatına ciddi zərər dəyməsi ehtimal olunur.
Nəşr xatırladır ki, 1991-ci ildə Filippində Pinatubo vulkanının püskürməsi planetin orta temperaturunun təxminən 0,5 dərəcə azalmasına səbəb olmuşdu. Laax vulkanında mümkün püskürmənin də genişmiqyaslı iqlim nəticələri ola bilər.
Bununla belə, vulkanın yaxın zamanda püskürəcəyini təsdiqləyən konkret proqnoz yoxdur. Alimlərin əsas çətinliyi mümkün püskürmənin vaxtını dəqiq müəyyənləşdirə bilməmələridir.
Aydın