
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, II qrup müharibə əlili Füzuli Rzaquliyev 65 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, Füzuli Rzaquliyev 1961-ci il yanvarın 5-də Ağdərə rayonunun Xatunbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda hərbi hazırlıq və bədən tərbiyəsi üzrə təhsil alıb, əmək fəaliyyətinə müəllim kimi başlayıb.
Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına qoşulan Rzaquliyev 1991–1994-cü illərdə müxtəlif döyüş istiqamətlərində xidmət edib. Şuşa, Kəlbəcər, Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib, tabor komandirinin birinci müavini və qərargah rəisi vəzifəsində çalışıb. Döyüşlər zamanı ağır yaralansa da, atəşkəsədək hərbi xidmətini davam etdirib. Döyüş yoldaşları arasında “Koroğlu” ləqəbi ilə tanınıb.
Atəşkəsdən sonra veteranların hüquqlarının müdafiəsi və onların bir araya gətirilməsi istiqamətində fəaliyyət göstərən Füzuli Rzaquliyev 1994-cü ildə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradılmasında iştirak edib. Sonrakı illərdə təşkilata rəhbərlik edərək veteranların sosial problemlərinin həlli, şəhid ailələrinə dəstək və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində çalışıb.
Onun oğlu, baş leytenant İlkin Rzaquliyev də 2020-ci il Vətən müharibəsində könüllü iştirak edib. Döyüşlərdə yaralanmasına baxmayaraq, yenidən cəbhəyə qayıdan zabit “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.