
"Şuşada hər iki Prezidentin dostluqla bağlı verdiyi bəyanatlar Azərbaycan və Türkiyə cəmiyyətləri tərəfindən yüksək qiymətləndirildi".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Prezident İlham Əliyevin Şuşada çıxışında səsləndirdiyi "Heç kim Azərbaycanla Türkiyənin arasına girə bilməz" fikrini şərh edərkən deyib.
Deputat bildirib ki, dünya iki böyük liderin dostluq və qardaşlıqla bağlı çağırışlarını və verdikləri qiyməti eşitdi.
Aydın Mirzəzadə bir müddət əvvəl müəyyən qüvvələrin Azərbaycanla Türkiyə arasında gərginlik yaratmağa, bu ölkələri bir-birindən uzaqlaşdırmağa çalışdığını bildirib:

"Azərbaycanın öz nüfuzunu, suverenliyini, müstəqilliyini uğurla qorumağı bacarması həmin dairələri narahat edirdi. Və onlar ilk növbədə Azərbaycanın yaxın dostu, qardaşı Türkiyə ilə münasibətlərini pozmaq üçün Türkiyə daxilində müəyyən insanlardan istifadə etməyə çalışdılar. Amma bu cəhdləri baş tutmadı".
Aydın Mirzəzadənin sözlərinə görə, Türkiyə cəmiyyəti bütövlükdə Azərbaycanla dostluğu müdafiə etdi:
"Türkiyənin lideri, Azərbaycanın böyük dostu Rəcəb Tayyib Ərdoğanın Azərbaycanla bağlı müsbət mesajlar verməsi, Azərbaycanla dostluğu yüksək qiymətləndirməsi onlara ən sərt cavab oldu. Onun xarici səfərlərə gedərkən təyyarədən Azərbaycan liderini salamlaması, sonradan isə Azərbaycan üçün çox önəmli bir hadisə olan Zəfər bayramında Qarabağa səfər etməsi onu göstərdi ki, bizim dostluğumuz əbədidir. Biz hər zaman, sevincimizdə, kədərimizdə bir yerdəyik".
Deputat hesab edir ki, Türkiyə beynəlxalq birlikdəki fəaliyyətində Azərbaycanla münasibətlərinə həmişə yüksək önəm verir.
Bahar Rüstəmli