Xəbər lenti

Qəhvənin Altsheymer xəstəliyi riskini azaltmağa kömək etdiyi bildirilir (ARAŞDIRMA)
Sağlamlıq08:45 09.11.2026

Qəhvənin Altsheymer xəstəliyi riskini azaltmağa kömək etdiyi bildirilir (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gündəlik qəbul edilən qəhvə yaşlılıq dövründə beyin sağlamlığının qorunmasına və demensiya riskinin azalmasına kömək edə bilər. Mütəxəssislər bildirirlər ki, bu içkinin faydasından yararlanmaq üçün yalnız miqdarına deyil, qəbul edildiyi vaxta da diqqət yetirmək lazımdır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Health” məlumat yayıb.

Diyetoloq Cennifer Palyanın sözlərinə görə, qəhvənin idrak sağlamlığına təsiri ilə bağlı aparılan genişmiqyaslı müşahidələr onun orta miqdarda qəbulunun faydalı ola biləcəyini göstərir.

Bu il “JAMA” jurnalında dərc olunan araşdırmada 131 mindən çox insanın 43 il ərzində sağlamlıq göstəriciləri izlənilib. Nəticələrə əsasən, gündə iki-üç fincan qəhvə içən şəxslər düşünmə qabiliyyətini ölçən testlərdə daha yaxşı nəticələr göstərib və demensiyaya daha az məruz qalıblar.

Londonlu neyro-radioloq Emer Maksvininin bildirdiyinə görə, ən çox kofeinli qəhvə qəbul edən iştirakçılarda demensiya riski ən az içənlərlə müqayisədə 18 faiz aşağı olub.

Mütəxəssislər bu təsiri qəhvənin tərkibindəki kofein, xlorogen turşular və digər polifenollarla əlaqələndirirlər. Bu maddələr antioksidant xüsusiyyətlərə malikdir, iltihabı və oksidləşdirici stressi azaltmağa, qan damarlarının fəaliyyətini dəstəkləməyə kömək edə bilər.

Qəhvənin faydasını artırmaq üçün nə etmək lazımdır?

Mütəxəssislər gündə iki-üç fincan qəhvə qəbul etməyi məsləhət görürlər. “Journal of Epidemiology and Population Health” jurnalında dərc olunan meta-analizə əsasən, məhz bu miqdar beyin sağlamlığı üçün daha əlverişli hesab olunur. Daha çox qəhvə içmək isə əlavə fayda verməyə, hətta müsbət təsiri zəiflətməyə bilər.

Həkimlər kofeinli qəhvənin günortadan əvvəl və ya yatmazdan təxminən səkkiz saat öncə içilməsini tövsiyə edirlər. Nevroloq və yuxu təbabəti üzrə mütəxəssis Hanul Bhandarinin sözlərinə görə, kofeinin gec saatlarda qəbulu yuxunun keyfiyyətini poza bilər. Halbuki sağlam və keyfiyyətli yuxu beyin fəaliyyətinin qorunmasında mühüm rol oynayır.

Qəhvəyə əlavə edilən şəkər, ətirli siroplar və şirin qaymaq miqdarına da diqqət yetirmək lazımdır. Həddindən artıq bu cür əlavələr içkinin sağlamlıq baxımından üstünlüklərini azalda bilər.

Kofein Altsheymer xəstəliyinə necə təsir edir?

Əvvəlki elmi araşdırmalarda kofeinin Altsheymer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid və fosforlaşmış tau zülallarının toplanmasını ləngidə biləcəyi ehtimalı irəli sürülüb.

Bundan başqa, kofeinin insulinə həssaslığı və damarların fəaliyyətini yaxşılaşdırmaqla idrak qabiliyyətinin zəifləməsi ilə əlaqəli bəzi metabolik risklərə müsbət təsir göstərə biləcəyi bildirilir.

Aydın