
Müntəzəm fiziki hərəkət və nəfəs məşqləri orqanizmin stressə uyğunlaşmasına, gərginlikdən sonra daha tez bərpa olunmasına kömək edir. Lakin həddindən artıq ağır məşqlər, xüsusilə yuxusuzluq və qeyri-kafi qidalanma fonunda, əks təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya fitnes məşqçisi, yoqa üzrə mütəxəssis Lera Burı danışıb.
Mütəxəssisin sözlərinə görə, stress zamanı orqanizmdə hipotalamus-hipofiz-böyrəküstü vəzilər sistemi aktivləşir. Bu mexanizm bədənin gərginliyə reaksiyasını təmin edir. Lakin stress uzun müddət davam etdikdə orqanizmin gərginlik vəziyyətindən bərpa mərhələsinə keçməsi çətinləşir.
Burı bildirib ki, müntəzəm fiziki aktivlik bu keçid qabiliyyətini tədricən inkişaf etdirir. Məşq zamanı ürək döyüntüləri və tənəffüs sürətlənir, sonradan isə orqanizm yenidən normal vəziyyətinə qayıdır. Beləliklə, düzgün seçilmiş fiziki yüklənmə bədənin gündəlik həyatda stresslə mübarizə imkanlarını gücləndirir.
Ekspert xüsusilə yoqanın insanın öz bədənini daha yaxşı tanımasına kömək etdiyini vurğulayıb. Bu məşqlər yorğunluğu, əzələ gərginliyini və istirahət ehtiyacını vaxtında hiss etməyə imkan verir. Xroniki stress zamanı insanlar çox vaxt orqanizmin xəbərdarlıq siqnallarına məhəl qoymur və yorğunluğu yalnız həddindən artıq artdıqda anlayırlar.
Mütəxəssis qeyd edib ki, uzunmüddətli stress qadınların reproduktiv sağlamlığına da təsir göstərə bilər. Belə vəziyyət menstrual dövrün və ovulyasiyanın pozulmasına səbəb ola bilər. Stressin azalması, normal yuxu, balanslı qidalanma və mülayim fiziki aktivlik hormonal sistemin fəaliyyətinə müsbət təsir göstərir.
Burı həddindən artıq intensiv məşqlərdən çəkinməyi də tövsiyə edib. Onun fikrincə, yuxusuzluq, az qidalanma və davamlı yorğunluq zamanı ağır məşqlər orqanizm üçün əlavə stress yarada bilər. Belə dövrlərdə gəzinti, yoqa, üzgüçülük, orta intensivlikli güc məşqləri və nəfəs texnikalarına üstünlük vermək daha məqsədəuyğundur.
Aydın