
Qidaların qəbul ardıcıllığının dəyişdirilməsi qanda şəkərin kəskin yüksəlməsinin qarşısını almağa kömək edə bilər. Alimlərin araşdırması göstərib ki, yağların şəkərdən əvvəl qəbul edilməsi orqanizmin qlükozanı mənimsəmə prosesinə təsir göstərir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Diabetes” jurnalında dərc olunan araşdırmada deyilir.
Tədqiqat zamanı siçanlar üzərində eksperiment aparılıb. Məlum olub ki, qlükoza verilməzdən 15 dəqiqə əvvəl zeytun yağı qəbul edən siçanlarda qanda şəkərin ilkin yüksəlməsi digər qruplarla müqayisədə daha zəif olub. Eyni nəticə ikinci tip diabet və ağır insulin çatışmazlığı olan siçanlarda da müşahidə edilib.
Alimlər digər qida yağlarını da sınaqdan keçiriblər. Nəticələr bu təsirin yalnız zeytun yağına xas olmaya biləcəyini göstərib.
Araşdırmanın həmmüəllifi, Kioto Universitetinin alimi Daisuke Yabenin sözlərinə görə, qidaların qəbul ardıcıllığı bağırsaqlarda hormonal və sinir reaksiyalarını işə sala bilər. Bu proses mədənin qidanı bağırsaqlara ötürmə sürətini dəyişdirərək qlükozanın qana sorulmasına təsir göstərir.
Tədqiqatçılar müəyyən ediblər ki, yağın şəkərdən əvvəl qəbul edilməsi mədənin boşalmasını ləngidir və bunun nəticəsində qanda şəkərin səviyyəsi daha yavaş yüksəlir. Bu zaman qlükaqon və GLP-1 hormonlarının da daha erkən aktivləşdiyi müşahidə olunub. Alimlər hesab edirlər ki, həmin hormonlar birlikdə qlükozanın artımını məhdudlaşdırmağa kömək edir.
Bununla belə, mütəxəssislər nəticələrin insanlara da eyni şəkildə şamil edilməsinin hələ tez olduğunu bildirirlər. Çünki araşdırma insanlar deyil, laboratoriya siçanları üzərində aparılıb.
Çikaqolu dietoloq Huma Çaudri vurğulayıb ki, bu nəticələr hər kəsin yeməkdən əvvəl zeytun yağı qəbul etməli olduğu anlamına gəlmir. Onun fikrincə, zeytun yağına qida əlavəsi və ya qanda şəkəri tənzimləyən sürətli vasitə kimi yanaşmaq düzgün deyil.
Dietoloq balanslı qidalanmanın vacibliyini qeyd edərək, menyuda sağlam yağlar, zülal, lif və karbohidratların birlikdə olmasını tövsiyə edib. Məsələn, əsas yeməkdən əvvəl zeytun yağı ilə hazırlanmış tərəvəz salatı qəbul etmək, daha sonra isə toyuq əti və makaron yemək olar.
Mütəxəssislərin qənaətinə görə, qidaların qəbul ardıcıllığı qanda şəkərin səviyyəsinə təsir göstərə bilər. Lakin sağlam qidalanma prinsiplərinə riayət etmək və balanslı menyu seçmək əsas şərt olaraq qalır.
Aydın