Xəbər lenti

Kişilərin estetik əməliyyatlara marağı artır - Ən çox edilən prosedurlar
Sağlamlıq08:45 04.11.2026

Kişilərin estetik əməliyyatlara marağı artır - Ən çox edilən prosedurlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son illər kişilərin estetik təbabətə marağı artıb. Onlar kosmetoloqlara əsasən saç tökülməsi, üz nahiyəsində şişkinlik, gözaltı torbalar, yorğun görünüş və dəridə yaşlanma əlamətlərinin aradan qaldırılması üçün müraciət edirlər.

Qaynarinfo xəbər verir ki, bu barədə dermatoveneroloq və kosmetoloq Mariya Tatarintseva gazeta.ru-ya açıqlamasında danışıb.

Mütəxəssisin sözlərinə görə, əvvəllər kişilərin kosmetoloji xidmətlərə müraciəti əsasən dəriyə qulluq prosedurları ilə məhdudlaşırdı. İndi isə onlar yaşlanma əlamətlərini mümkün qədər hiss olunmadan aradan qaldırmağa çalışırlar. Əsas məqsəd üz cizgilərini dəyişmədən daha gümrah və cavan görünməkdir.

Tatarintseva bildirib ki, kişilər qadınlardan fərqli olaraq, kosmetoloji müdaxilələrdən sonra uzun bərpa dövrü keçirməyə çox vaxt hazır olmurlar. Onlar ətrafdakıların hər hansı prosedurdan keçdiklərini hiss etməməsinə üstünlük verirlər.

Həkim qeyd edib ki, xarici görünüşdəki dəyişikliklər kişilərin psixoloji vəziyyətinə də təsir göstərir. Xüsusilə rəhbər vəzifələrdə çalışan şəxslər üçün üz görünüşü ünsiyyət və peşəkar imic baxımından əhəmiyyət daşıyır.

Saç tökülməsi zamanı mütəxəssis əvvəlcə müayinə və müvafiq müalicə təyin edilməsini vacib sayır. Saç əkimi isə hər kəs üçün uyğun üsul deyil və yalnız mütəxəssis məsləhətindən sonra nəzərdən keçirilməlidir.

Qırışların korreksiyası üçün hialuron turşusu, kalsium hidroksiapatit və botulotoksin əsaslı inyeksiyalardan, eləcə də lazer və digər aparat prosedurlarından istifadə oluna bilər.

Kosmetoloq xüsusilə gözaltı torbalar və üz şişkinliyinə diqqət çəkib. Onun sözlərinə görə, bu problemlərin səbəbi yalnız yaşlanma deyil, yuxusuzluq, allergiya, dərman qəbulu və müxtəlif xəstəliklər də ola bilər. Buna görə də kosmetoloji müdaxilədən əvvəl problemin tibbi səbəbləri araşdırılmalıdır.

Tatarintseva estetik prosedur seçərkən tibbi lisenziyası olan klinikalara və müvafiq ixtisas üzrə təcrübəli həkimlərə müraciət etməyi tövsiyə edib. Həkim konsultasiya zamanı mümkün riskləri, əks-göstərişləri və prosedurdan sonrakı bərpa müddətini də ətraflı izah etməlidir.

Aydın