
“Onlayn ticarətlə bağlı qanunvericiliyə edilən dəyişikliklər qeyri-rəsmi satış kanallarını məhdudlaşdırmaqla yanaşı, şəffaf fəaliyyət göstərən rəqəmsal brendlər üçün yeni imkanlar yaradacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında marketoloq Samir Mehdiyev Milli Məclisdə birinci oxunuşda qəbul edilən “Elektron ticarət haqqında” Qanuna dəyişiklikləri şərh edərkən deyib.
Onun sözlərinə görə, bu dəyişikliklər ölkənin elektron ticarət ekosistemində ciddi dönüş yarada biləcək addımlardan biridir:
“Bu qərar təkcə hüquqi tənzimləmə deyil, həm də istehlakçı psixologiyası və brend marketinqi baxımından yeni mərhələnin başlanğıcıdır. İndiyədək xüsusilə sosial şəbəkələr üzərindən fəaliyyət göstərən minlərlə satıcı ödənişləri şəxsi bank kartlarına köçürməklə qəbul edirdi. Bu cür qeyri-şəffaf yanaşma alıcılarda haqlı olaraq şübhə və güvənsizlik yaradır, nəticədə bir çoxları alış-verişi ödəniş mərhələsində yarımçıq saxlayırdı”.

Marketoloq vurğulayıb ki, yeni qaydalarla ödənişlərin rəsmi lisenziyalı təchizatçılar vasitəsilə həyata keçirilməsi, eləcə də satış şərtlərinin sifarişdən əvvəl alıcıya elektron formada təqdim edilməsi və təsdiqlənməsi tələb olunur:
”İstehlakçı ödədiyi vəsaitin və aldığı məhsulun hüquqi təminat altında olduğunu hiss etdikdə, alış qərarını daha inamla verir. Bu isə onlayn satışlarda konversiyanın, yəni alışa çevrilən sifarişlərin payının artmasına şərait yarada bilər”.
Samir Mehdiyev hesab edir ki, mobil telefonların POS-terminal funksiyasını yerinə yetirməsi də elektron ticarətdə əməliyyatların sadələşdirilməsinə, xüsusilə kuryer və çatdırılma xidmətlərinin işinin optimallaşdırılmasına imkan verəcək:
“Kuryerin özü ilə ayrıca POS-terminal daşımasına ehtiyac qalmır. Smartfon vasitəsilə təmassız ödəniş saniyələr ərzində həyata keçirilə bilir. Nəticədə kartdan-karta köçürmələr hesabına fəaliyyət göstərən, vergi öhdəliklərindən yayınan və keyfiyyətsiz məhsullarla istehlakçıları aldadan qeyri-rəsmi satıcılar ciddi rəqabət təzyiqi ilə üzləşəcəklər”.
Ekspertin fikrincə, qanunun yaratdığı texnoloji neytrallıq mühiti isə QR-kod, elektron pul kisəsi və təmassız ödəniş sistemləri kimi müasir həlləri tətbiq edən, şəffaflığa və müştəri xidmətlərinin keyfiyyətinə sərmayə qoyan brendlərin inkişafına təkan verəcək.
Samir Mehdiyev vurğulayıb ki, bu dəyişikliklər elektron ticarətin kortəbii satış münasibətləri səviyyəsindən çıxaraq beynəlxalq standartlara uyğun, daha şəffaf və yetkin rəqəmsal pərakəndə ticarət modelinə keçidini sürətləndirə bilər.
Bahar Rüstəmli