
ABŞ-ın birinci xanımı Melaniya Tramp Ukrayna və Rusiya nümayəndələri arasında görüş təşkil edəcək. O, bundan əvvəl tərəflər arasında əlaqələrin qurulması təşəbbüsü ilə çıxış edib və Xerson vilayətinin Oleşki şəhəri ilə ətraf ərazidə müvəqqəti atəşkəsə nail olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iki ölkənin nümayəndələri Ağ Evdə görüşəcəklər. Melaniya Tramp isə noyabrın 5-də, cümə axşamı günü, ABŞ-ın şərq vaxtı ilə saat 11:00-da əldə olunan razılaşmalarla bağlı açıqlama verəcək.
Ağ Evin məlumatında vurğulanıb ki, təşəbbüs birinci xanımın şəxsi diplomatik fəaliyyəti nəticəsində reallaşıb. Melaniya Tramp müharibə vəziyyətində olan iki ölkənin nümayəndələri arasında təmasların qurulmasına özü təşəbbüs göstərib.
Xatırladaq ki, oktyabrın 23-də Ağ Ev Oleşki şəhərində lokal atəşkəs barədə razılığın əldə olunduğunu açıqlamışdı. Müvəqqəti razılaşmanın məqsədi humanitar yardımın çatdırılması və mülki şəxslərin razılaşdırılmış təhlükəsiz dəhliz vasitəsilə təxliyəsinə şərait yaratmaq olub.
Ukraynanın ombudsmanı Dmitri Lubinetsin sözlərinə görə, Oleşki ərazisində atəşkəs 5 gün, 19 saat və 59 dəqiqə davam edib. Onun bildirdiyinə görə, həm Ukrayna, həm də Rusiya tərəfi humanitar missiya çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Ərazidən insanların çıxarılması ilə yanaşı, heyvanlar da təxliyə olunub.
Bununla belə, mediada yayılan məlumatlara görə, Rusiya işğalı altında olan Oleşkidə Ukraynanın nəzarətindəki əraziyə keçmək istəyən, lakin hələ də bunu bacarmayan sakinlər qalır. Onların arasında himayəsində onlarla pişik və it olan yerli könüllü Alla Lixman-Malış da var.
Aydın