Xəbər lenti

Misirdə tapılan 18 milyon illik meymun fosili insan mənşəyi barədə tarixi yenidən yaza bilər
Dünya11:22 03.11.2026

Misirdə tapılan 18 milyon illik meymun fosili insan mənşəyi barədə tarixi yenidən yaza bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirdə təxminən 18 milyon il əvvələ aid meymun fosilinin aşkarlanması insanabənzər meymunların təkamül tarixinə dair mövcud təsəvvürləri yenidən gündəmə gətirib. Alimlərin fikrincə, bu tapıntı Şimali Afrikanın müasir insanın əcdadlarının formalaşdığı təkamül prosesində indiyədək düşünüləndən daha mühüm rol oynadığını göstərə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.

Misirdəki Mənsura Universitetinin Onurğalıların Paleontologiyası Mərkəzinin alimləri yeni primat növünü müəyyən ediblər. “Masripithecus moghraensis” adlandırılan bu növün təxminən 17-18 milyon il əvvəl, erkən Miosen dövründə yaşadığı ehtimal olunur. Fosillər Misirin Vadi-Moqra ərazisində aparılan qazıntılar zamanı aşkarlanıb.

Tədqiqatçılar bildirirlər ki, bu, Şimali Afrikada indiyədək etibarlı şəkildə müəyyən edilmiş ilk qədim insanabənzər meymun növüdür. Qazıntılar zamanı yalnız çənə sümükləri tapılsa da, onların quruluşu alimlərin diqqətini çəkib. Xüsusilə iri köpək dişi və səthi fərqli quruluşa malik azı dişləri bu primatın digər növlərdən seçilməsinə imkan verib.

Qidalanma xüsusiyyətləri ona dəyişən iqlimə uyğunlaşmağa kömək edib

Araşdırmanın müəlliflərindən Şoruk Əl-Əşkarın sözlərinə görə, dişlərin anatomiyası “Masripithecus moghraensis”in əsasən meyvələrlə qidalandığını, ehtiyac yarandıqda isə qoz-fındıq və toxum kimi daha sərt qidaları da yeyə bildiyini göstərir.

Alim hesab edir ki, belə çevik qidalanma xüsusiyyəti Şimali Afrika və Ərəbistan yarımadasında iqlimin dəyişdiyi, mövsümi fərqlərin gücləndiyi dövrdə bu primatın yaşamasına kömək etmiş ola bilər.

İndiyədək erkən insanabənzər meymunların və onların yaxın qohumlarının əsasən Afrikanın cənub və şərq bölgələrində yaşadığı düşünülürdü. Şimali Afrikada həmin dövrə aid qədim meymun qalıqları tapılsa da, bölgədə insanabənzər meymunların mövcudluğunu təsdiqləyən inandırıcı sübutlar az idi.

Yeni tapıntı müasir insanabənzər meymunların təkamül köklərinin yalnız Şərqi Afrikada və ona yaxın ərazilərdə axtarılması fikrini şübhə altına alır. Tədqiqatçılar Şimali Afrika və Yaxın Şərqin müasir insanabənzər meymunların ortaq əcdadının formalaşdığı coğrafi məkanlardan biri ola biləcəyini istisna etmirlər.

Bununla belə, tapıntı birbaşa müasir insanın əcdadının müəyyən edilməsi demək deyil. Fosil daha çox insanabənzər meymunların təkamül və yayılma coğrafiyasına dair elmi təsəvvürlərin genişlənməsinə imkan yaradır.

Aydın