
Azərbaycanlı kibertəhlükəsizlik mütəxəssisi İlkin Cavadov ABŞ-ın nüfuzlu RSAC Conference tədbirinin 2027-ci il üzrə spiker seçim komitəsinə ikinci dəfə dəvət alıb.
Qaynarinfo xəbər verir ki, Cavadov konfransın “Hackers & Threats” istiqaməti üzrə komitədə yer alan dörd mütəxəssisdən biridir və bu heyətdə yeganə azərbaycanlıdır.
O, ilk dəfə 2026-cı ildə RSAC Konfransının spiker seçim komitəsinə üzv seçilib. Növbəti il üçün də bu vəzifəyə dəvət olunması mütəxəssisin beynəlxalq kibertəhlükəsizlik ictimaiyyətindəki fəaliyyətinin davamı kimi qiymətləndirilir.
Komitənin əsas vəzifəsi dünyanın müxtəlif ölkələrindən daxil olan yüzlərlə müraciəti dəyərləndirmək və konfransda çıxış edəcək spikerləri seçməkdir. “Hackers & Threats” istiqaməti isə kiberhücumlar, təhdid aktorları və müasir hücum metodları ilə bağlı aktual araşdırmaları əhatə edir.
Qeyd edək ki, əvvəlki konfranslarda “Google”, “Microsoft” və digər aparıcı texnologiya şirkətlərinin rəhbərləri və mütəxəssisləri spiker qismində çıxış ediblər.
İlkin Cavadov ikinci dəfə Azərbaycanı belə nüfuzlu beynəlxalq platformada təmsil etməyin onun üçün böyük şərəf olduğunu bildirib. O, qlobal kibertəhlükəsizlik gündəmini formalaşdıran mühüm tədqiqatların beynəlxalq auditoriyaya təqdim edilməsinə töhfə vermək istədiyini vurğulayıb.
Xatırladaq ki, hər il ABŞ-ın San-Fransisko şəhərində təşkil olunan RSAC Conference dünyanın ən böyük kibertəhlükəsizlik tədbirlərindən biridir. Konfrans müxtəlif ölkələrdən on minlərlə mütəxəssisi, tədqiqatçını, şirkət rəhbərini və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir.