Xəbər lenti

"Neftçi"dən əsrin rekordu, "Qarabağ"dan 11 il sonra 3 ardıcıl heç-heçə
İdman10:41 03.11.2026

"Neftçi"dən əsrin rekordu, "Qarabağ"dan 11 il sonra 3 ardıcıl heç-heçə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Premyer Liqasının X turu bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb. “Neftçi” XXI əsrdə ən məhsuldar startına imza atdığı halda, “Qarabağ” 11 ildən sonra ilk dəfə ardıcıl üç çempionat oyununda heç-heçə edib. “Araz-Naxçıvan” isə yüksək dəstədə 40-cı dəfə meydanı bir xalla tərk edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

“Neftçi” keçirdiyi ilk 10 qarşılaşmada rəqib qapılarından 25 top keçirib. Bu, Bakı klubunun XXI əsrdə mövsümün ilk 10 turu üzrə ən yaxşı göstəricisidir. “Ağ-qaralar” sonuncu dəfə 2000/01 mövsümündə eyni müddətdə daha çox – 28 qol vurub. Beləliklə, paytaxt təmsilçisi son 25 mövsümün ən yüksək məhsuldarlığına nail olub.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində ilk 10 oyun üzrə qol rekordu da “Neftçi”yə məxsusdur. Komanda 1996/97 mövsümünün startında 10 matçda 42 dəfə fərqlənib.

“Qarabağ” isə son üç çempionat görüşündə qələbə qazana bilməyib. Ağdam təmsilçisi “Neftçi” ilə 3:3, “Sabah” və “Qəbələ” ilə isə 0:0 hesablı heç-heçə edib. 11 qat ölkə çempionu sonuncu dəfə 2015/16 mövsümünün ilk yarısında belə seriya ilə üzləşmişdi. Həmin vaxt “Zirə” (0:0), “Sumqayıt” (2:2) və “Qəbələ” (1:1) ilə oyunlarda xallar bölüşdürülmüşdü.

Maraqlıdır ki, cari mövsümdə ardıcıl üç heç-heçə edən ikinci komanda da məhz “Neftçi” olub. Bakı klubu bundan əvvəl “Sabah” (0:0), “Qarabağ” (3:3) və “Turan Tovuz”la (1:1) görüşlərdə heç-heçə etmişdi.

X turun digər statistik göstəricisi “Araz-Naxçıvan”la bağlıdır. Naxçıvan təmsilçisi öz meydanında “Zirə” ilə 2:2 hesablı heç-heçə etməklə Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı dəfə bu nəticəyə imza atıb.

“Araz-Naxçıvan” buna 157-ci Premyer Liqa matçında nail olub. Komandanın heç-heçələrinin 23-ü evdə, 17-si isə səfərdə qeydə alınıb. Bununla da Naxçıvan klubu ölkə çempionatları tarixində ən azı 40 heç-heçə edən 21-ci komanda olub.