
"Barselona"nın qapıçısı Xoan Qarsiya həyat yoldaşı ilə dağlarda çəkdirdiyi fotolara görə komanda yoldaşlarının zarafatlarına tuş gəlir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
24 yaşlı qolkiper jurnalist Bibiana Balbenin təqdim etdiyi “Late Xperience” proqramında həm Kataloniya klubundakı həyatı, həm də şəxsi vərdişləri barədə danışıb. O, “Barselona”ya uyğunlaşdığını və azarkeşlərin onu böyük coşqu ilə qarşılamasının özünü komandada daha rahat hiss etməsinə kömək etdiyini bildirib.
Vaxtilə “Espanyol”da çıxış edən qapıçı komanda yoldaşları ilə münasibətlərindən də söz açıb. Onun sözlərinə görə, kollektiv əsasən gənc və enerjili futbolçulardan ibarətdir. Qarsiya Fermin Lopes, Dani Olmo, Pedri və Eriklə daha yaxın münasibətdə olduğunu deyib. Bununla belə, istirahət etmək və sakitlik tapmaq üçün otaqda tək qalmağa üstünlük verdiyini vurğulayıb.
Qapıçının sözlərinə görə, komanda yoldaşları sosial şəbəkələrdə həyat yoldaşı ilə dağlarda çəkdirdiyi fotoları görəndə onunla zarafat edirlər. Qarsiya isə dağ gəzintilərini həyat yoldaşı ilə ən sevdiyi məşğuliyyətlərdən biri hesab etdiyini bildirib.

"Paltardəyişmə otağına gələndə və sosial şəbəkələrdə foto paylaşanda bəzi dostlarım mənimlə zarafat edirlər. Amma hər kəsin özünəməxsus qəribə vərdişləri var".
O, bu cür səfərlərə hər fürsətdə vaxt ayırmağa çalışdığını, bəzən dostları ilə də oxşar planlar qurduğunu qeyd edib:
"Həyat yoldaşımla birlikdə dağlara getməyi sevirik. Dağları çox sevirik və hər fürsət düşəndə ora yollanırıq. Dostlarımla da buna bənzər planlar qururam".
Aydın