
Azərbaycanda əhalinin gəlirləri artsa da, bu vəsaitlərin yığıma yönəldilən hissəsi azalır. 2025-ci ildə əhalinin ümumi gəlirlərinin cəmi 2,4 faizi qənaət edilib. Halbuki bir il əvvəl bu göstərici 3,9 faiz olub.
Bəs əhalinin yığım səviyyəsinin ötən illə müqayisədə aşağı olması iqtisadi baxımdan nə deməkdir? Azərbaycanda orta statistik ailə gəlirinin nə qədərini qənaətə yönəltməlidir?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, iqtisadiyyat üçün əhalinin gəlirlərinin artması ilə yanaşı, real gəlirlərin yüksəlməsi və yığımın normal səviyyədə olması da vacibdir:
“Azərbaycanda əhalinin yığım səviyyəsinin 2,4 faiz olması onu göstərir ki, gəlirlərin əhəmiyyətli hissəsi istehlaka gedir. Və nəzərə alsaq ki, ötən ilin müqayisəsində gəlirlərin yığım səviyyəsi 3,9 faizdən 2,4 faizə düşüb, bu istiqamətdə vəziyyətin bir qədər də pisləşdiyini qeyd eləmək olar.
Bunun müxtəlif səbəbləri var, amma istənilən halda nəticə ondan ibarətdir ki, əhalinin yığım səviyyəsi çox aşağıdır. Ümumiyyətlə, adətən 2-5 faiz arası yığım səviyyəsi çox aşağı hesab olunur. 5-10 faizlik yığım səviyyəsi ilkin qənaətbəxş yığım səviyyəsi hesab olunur. Artıq 10-dan yuxarı, 10-15 faizlik məqsədəuyğun yığım səviyyəsi hesab olunur. 15-dən yuxarı hissə yaxşı yığım səviyyəsi və 20-dən yuxarı hissə daha yüksək yığım səviyyəsi hesab olunur. Azərbaycanda yığım səviyyəsi demək olar çox aşağıdır. Bunun da müxtəlif səbəbləri var. Səbəblər içərisində əhalinin xərclərinin strukturunda istehlak xərclərinin çox olmasıdır”.

İqtisadçı bildirib ki, əhalinin xərclərində ərzaq və içkilərin payının yüksək olması da qənaət imkanlarını məhdudlaşdırır. Onun sözlərinə görə, inflyasiya, xüsusilə ərzaq qiymətlərinin artması əhalinin gəlirlərinə ciddi təsir göstərir:
“Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin strukturuna da baxanda görürük ki, əhalinin xərclərinin 55 faizə qədərini ərzaq və içki xərcləri təşkil eləyir və bu da olduqca yüksək göstəricidir.
Əvvəlki illə müqayisədə yığım səviyyəsinin aşağı düşməsinin səbəbləri içərisində inflyasiyanı göstərə bilərik. İnflyasiyanın ötən ildə olduğu kimi 5,7 faiz olması və xüsusən də inflyasiyanın strukturunda ərzaq inflyasiyasının daha yüksək olması əhalinin xüsusən də sosial cəhətdən həssas təbəqəsinə bu daha çox təsir edir və gəlirlərin əhəmiyyətli hissəsinin ərzaq, kommunal xərclərə yönəlməsinə gətirib çıxarır”.
Xalid Kərimli qeyd edib ki, əhalinin yığım səviyyəsinin aşağı olması onların gözlənilməz xərclər qarşısında maliyyə dayanıqlığını zəiflədir. Bu vəziyyət uzunmüddətli dövrdə iqtisadiyyatın investisiya imkanlarına da mənfi təsir göstərə bilər. İqtisadçı vurğulayıb ki, yığım dedikdə yalnız bank depozitləri deyil, nağd pul vəsaitləri və müxtəlif aktivlər də nəzərdə tutulur:
“İstənilən halda yığımın aşağı səviyyədə olması, əhalinin yığımının aşağı səviyyədə olması onların maliyyə resurslarını məhdudlaşdırır və onların gözlənilməz hadisələrə qarşı maliyyə zəifliyi yaradır. İqtisadiyyat üçün də bu əhəmiyyətlidir. Əhalinin yığım səviyyəsinin aşağı olması uzunmüddətli dövrdə investisiya, iqtisadiyyatın investisiya imkanlarını da məhdudlaşdırır. Yığım içərisində tək banklara yerləşdirilən vəsait tək deyil, nağd şəkildə saxlanılan vəsait, həm müxtəlif aktivlər formasında saxlanılan vəsait bu istiqamətdə yığım formalarını təyin eləyir. Yəni söhbət təkcə bank depozitləri məsələsi deyil.
Digər tərəfdən əhalinin kreditlərinin artması da ona gətirib çıxarır ki, əhalinin gəlirlərinin xərclənmə istiqamətində xüsusən də istehlak kreditlərinə sərf olunan vəsait artır. Bankların kredit portfelinin artmasına baxanda görürük ki, o strukturda ən çox artımı istehlak kreditləri portfeli tutur və bu da nəticə etibarilə əhalinin gəlirlərinin bir hissəsini istehlak kreditlərinin xidmətinə yönəlməsinə gətirib çıxarır”.
İqtisadçı hesab edir ki, əhalinin yığım imkanlarının artırılması həm ailələrin maliyyə təhlükəsizliyi, həm də iqtisadiyyatın investisiya resursları ilə təmin olunması baxımından vacibdir. Bunun üçün inflyasiyanın əhalinin gəlirlərinə təsirinə xüsusi diqqət yetirilməlidir:
“Mən hesab eləyirəm ki, əhalinin yığımının artması iqtisadiyyat üçün mühüm məsələdir, çünki bu həm ailə olaraq, fərd olaraq özlərini gələcəkdə gözlənilməz hadisələrdən sığortalamasına imkan verir, həm də eyni zamanda iqtisadiyyat üçün resurs bazasının, investisiya üçün resurs bazasının formalaşmasına gətirib çıxarır.
Və buna görə də əhalinin gəlirlərinin inflyasiyanın yemi olmamasına Mərkəzi Bank, hökumət xüsusi fikir verməlidir”.
Günay İlqarqızı