
Dünyanın ən böyük kriptovalyuta birjası Binance 6,3 milyard dollarlıq haker hücumundan sonra istifadəçilərin etimadını qorumağa çalışır. Platformadan milyardlarla dollar vəsait çıxarılsa da, ilkin məlumatlara görə, hadisə kütləvi panikaya və müştərilərin eyni vaxtda hesablarını bağlamasına səbəb olmayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, noyabrın 1-də Binance vəsaitlərin çıxarılmasına qismən imkan yaratdıqdan sonra cəmi 9,5 saat ərzində birjadan xalis 3,64 milyard dollar vəsait çıxarılıb. Şirkət bu məbləğin platformadakı ümumi aktivlərin 2,1 faizinə bərabər olduğunu açıqlayıb. Analitiklər isə bu göstəricini nisbətən məhdud həcm kimi qiymətləndiriblər.
Binance-in həmsədri Yi He bildirib ki, hazırda əsas məqsəd platformanın təhlükəsizliyini təmin etməkdir. Onun sözlərinə görə, bundan sonra istifadəçilər vəsaitlərini rahat şəkildə çıxara, birja isə fəaliyyətini tam bərpa edə biləcək.
Şirkətin açıqlamasına əsasən, noyabrın 1-də platformaya 1 milyard dollar depozit daxil olub, eyni zamanda təxminən 4,6 milyard dollar vəsait çıxarılıb. Binance nümayəndələri ilkin kəskin artımdan sonra çıxarışların həcminin azaldığını və sabitləşdiyini bildiriblər.
335 milyondan çox istifadəçisi olduğunu açıqlayan birja müştərilərini sakitləşdirməyə çalışsa da, mütəxəssislər belə hadisələrin böyük investorların kriptovalyuta bazarına münasibətinə təsir göstərə biləcəyini düşünürlər.
Haker hücumundan sonra kriptovalyuta bazarında da ciddi dalğalanma yaşanıb. Oktyabrın 30-da son altı həftənin ən aşağı səviyyəsinə enən “Bitcoin” həftəsonu mövqelərini qismən bərpa edərək bazar ertəsi 78 min dolları ötüb. “Ethereum” da iki ayın minimumundan sonra bahalaşıb.
Xatırladaq ki, oktyabrın 29-da baş verən hücum nəticəsində Binance-dən 6,3 milyard dollar dəyərində kriptovalyutanın oğurlandığı bildirilir. Şirkət zərərin qarşılanması üçün korporativ vəsaitləri, sığorta fondunu və təhlükəsizlik insidentləri üzrə ehtiyatlarını birləşdirərək 6 milyard dollar ayırdığını açıqlayıb.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) hücumun arxasında Şimali Koreya ilə əlaqələndirilən “TraderTraitor” haker qrupunun dayandığını bildirib. Analitiklər hesab edirlər ki, hadisə mərkəzləşdirilmiş kriptovalyuta platformalarının təhlükəsizliyinə dair narahatlıqları artıraraq sektora yeni investisiyaların axınını müvəqqəti ləngidə bilər.
Aydın