
Belçikanın Baş naziri Bart De Veverin noyabrın 2-də Kral Filip ilə görüşü zamanı istefa ərizəsini təqdim edəcəyi gözlənilir. Buna səbəb hökumətin büdcə ilə bağlı razılığa gələ bilməməsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə “De Standaard” qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hökumət əvvəlki gün büdcə sazişini təsdiqləyə bilməyib. Sosial-demokrat “İrəli” partiyasının nümayəndəsi müzakirəyə çıxarılan təkliflərin balanslaşdırılmadığını bildirib. Onun sözlərinə görə, partiya əhalinin aztəminatlı təbəqəsinin, səhiyyə sektorunun və pensiyaçıların maraqlarını qoruyan razılaşmanın tərəfdarıdır, lakin hazırkı təkliflər bu tələblərə cavab vermir.
“De Standaard” qeyd edir ki, De Veverin vəzifədən getməsi ölkədə dərhal növbədənkənar seçkilərin keçiriləcəyi anlamına gəlmir. Kral Filip istefa qərarını təxirə sala və tərəfləri büdcə danışıqlarını davam etdirməyə çağıra bilər.
Mübahisə Belçikanın fövqəladə büdcəsi ətrafında yaranıb. Baş nazir 2029-cu ilədək büdcə xərclərinin azaldılması və vergilərin artırılması yolu ilə 10 milyard avro qənaət edilməsini istəyir. De Vever bu addımların büdcə kəsirini məhdudlaşdırmağa və dövlət borcunun artımını dayandırmağa kömək edəcəyini düşünür.
Aydın