
Bakıda fəaliyyət göstərən “Meduza” adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndində anadan olan Hüseyn Quliyev Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, sahibkar Bakı şəhərinin Nəsimi rayonunda yerləşən “Meduza” mağazasında satış məqsədilə müxtəlif markalı qəlyan tütünləri saxlayıb. Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən 2025-ci ildə keçirilən operativ vergi nəzarəti zamanı mağazada ümumilikdə 4501 qutu qəlyan tütünü aşkarlanaraq götürülüb.
Araşdırma zamanı həmin məhsulların 3500 qutusunun aksiz markası olmadan və məcburi nişanlama tələblərinə əməl edilmədən saxlanıldığı müəyyən edilib. Həmin məhsulların ümumi dəyəri 42 min 763 manat qiymətləndirilib.
Söhbət “BUXAR”, “BUXAR PREMIUM”, “BLISS HOOKAH”, “BOOSTER”, “FREETON”, “TO BAKU”, “BADOR”, “JİN”, “FİRST”, “BALLI” və “BUTA” markalı qəlyan tütünlərindən gedir.
Hüseyn Quliyev məhkəmədə özünü qismən təqsirli bilib. O, 2023-cü ildən “Meduza” mağazasını icarəyə götürərək qəlyan aparatları, aksesuarları və tütün məmulatlarının topdan və pərakəndə satışı ilə məşğul olduğunu deyib.
Sahibkar ifadəsində bildirib ki, tütün məhsullarının bir hissəsini rəsmi şirkətlərdən, digər hissəsini isə mağazaya gələn tanımadığı şəxslərdən nağd şəkildə alıb. Məhsulların üzərinə təxminən 20-30 faiz ticarət əlavəsi qoyaraq satıb.
O, aksiz markası olmayan qəlyan tütünlərinin satışının qanunla qadağan edildiyini bilmədiyini söyləyib və törətdiyi əməldən peşman olduğunu bildirib.
Məhkəmə isə sahibkarın bu arqumentini qəbul etməyib. Qeyd edilib ki, o, uzun müddət tütün məhsullarının satışı ilə məşğul olub, malların bir qismini müşayiətedici sənədlər olmadan, tanımadığı şəxslərdən alıb. Bu hallar onun məhsulların qanunsuz dövriyyədə olduğunu dərk etdiyini göstərir.
Bununla belə, məhkəmə Hüseyn Quliyevin əvvəllər məhkum olunmamasını, iki azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əməlini qismən etiraf etməsini və peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.
Nəticədə Hüseyn Quliyev Cinayət Məcəlləsinin 213-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.
Bundan əlavə, o, 1 il 6 ay müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların alqı-satqısı ilə məşğul olmaq hüququndan məhrum edilib.
Məhkəmə həmçinin götürülmüş tütün məmulatlarının istifadəyə yararlı hissəsinin xüsusi müsadirə edilərək dövlət nəfinə keçirilməsi, yararsız hesab edilənlərin isə məhv olunması barədə qərar qəbul edib.
Aydın