
Yapon avtomobil istehsalçıları etibarlılıq göstəricilərinə görə dünya markaları arasında ön sıralarda qərarlaşıb. Araşdırmaya əsasən, ən etibarlı avtomobil markası “Lexus” seçilib.
Qaynarinfo xəbər verir ki, İspaniyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə İctimai Təşkilatı (OCU) Avropanın müxtəlif ölkələrindən 85 mindən çox sürücünün iştirak etdiyi sorğunun nəticələrinə əsasən etibarlılıq reytinqi hazırlayıb. Nəticələri “Motorpasión” nəşri yayıb.
Reytinqdə “Lexus” 100 mümkün baldan 93-ünü toplayaraq birinci olub. İkinci pillədə “Subaru”, üçüncü yerdə isə “Toyota” qərarlaşıb. “Suzuki” 91 balla dördüncü sıranı tutub.
Ən etibarlı markalar arasında “Tesla”, “BYD”, “Honda”, “Mazda”, “Kia”, “Mitsubishi” və “Smart” da yer alıb. Bu istehsalçıların hər biri 89 bal toplayıb. Siyahının aşağı pillələrində isə 72 balla “MG”, 64 balla “Land Rover” qərarlaşıb.
Araşdırma zamanı avtomobillərin mühərrik növləri üzrə etibarlılığı da qiymətləndirilib. Məlum olub ki, ənənəvi hibrid avtomobillər daha etibarlı nəqliyyat vasitələri sırasındadır. Dizel mühərrikli modellər isə bu baxımdan ən zəif nəticə göstərib.
Sorğuda iştirak edən sürücülərin bildirdiyi nasazlıqların 14 faizini elektrik sistemində yaranan problemlər təşkil edib. İkinci yerdə 9 faizlə daxiliyanma mühərrikinin nasazlıqları, daha sonra isə əyləc sistemindəki problemlər dayanıb. Bu cür nasazlıqların “Land Rover”, “Peugeot”, “Citroën”, “Opel”, “Jaguar”, “Lancia” və “Ford” modellərində daha çox qeydə alındığı bildirilib.
Model səviyyəsində isə “Lexus IS 300h”, “Lexus NX” və “Toyota RAV4” böyük avtomobillər kateqoriyasında etibarlılığı ilə seçilib. Kompakt modellər arasında “Audi Q2”, “Toyota C-HR” və “Kia Niro”, kiçik avtomobillər seqmentində isə “Toyota Aygo Cross”, “Suzuki Vitara”, “Suzuki Ignis”, “Suzuki Swift”, “Kia Stonic” və “BMW i3” önə çıxıb.
Aydın