
İstanbul təmsilçisi “Fənərbağça”nın baş məşqçi postuna "Sabah"ın litvalı çalışdırıcısı Valdas Dambrauskasın gətirilməsi müzakirə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın “TuttoMercatoWeb” nəşri məlumat yayıb.
Məlumata görə, hazırda Azərbaycanın “Sabah” klubunu çalışdıran 49 yaşlı litvalı mütəxəssislə İstanbul təmsilçisi arasında danışıqlar intensiv şəkildə davam edir. Tərəflərin razılığa gələcəyi təqdirdə Dambrauskasın “Sabah”dan ayrılaraq Türkiyəyə yollanacağı gözlənilir.
Nəşrin yazdığına görə, mütəxəssisə 2029-cu ilədək qüvvədə olacaq üçillik müqavilə təklif edilməsi nəzərdə tutulur. Danışıqların yekunlaşmağa yaxın olduğu və yaxın saatlarda razılığın əldə edilə biləcəyi bildirilir.
Qeyd edək ki, “Fənərbağça” İsmail Kartalın istefasından sonra baş məşqçisiz qalıb. Kartal təyinatından cəmi dörd ay sonra, komandanın 18 oyununda iştirak etdikdən və hər matça orta hesabla 1,78 xal qazandırdıqdan sonra vəzifəsindən ayrılıb.
Məlumatda bildirilir ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə İstanbul klubunun ehtiyat variantı hazırda komandanı müvəqqəti çalışdıran niderlandlı Dirk Kuyt olacaq.
Aydın