Xəbər lenti

Çində məmurların və ailə üzvlərinin əmlakına nəzarət gücləndiriləcək
Dünya19:00 01.11.2026

Çində məmurların və ailə üzvlərinin əmlakına nəzarət gücləndiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çin hakimiyyəti dövlət məmurlarının əmlakına, xərclərinə və onların ailə üzvlərinin biznes fəaliyyətinə nəzarəti sərtləşdirmək qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə Çinin Sinxua agentliyi Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunun qərarına istinadən məlumat yayıb.

Yeni tədbirlər çərçivəsində yüksək vəzifəli şəxslərin rəsmi gəlirləri ilə real həyat səviyyəsi arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi üçün yoxlamalar genişləndiriləcək. Xüsusilə məmurların ailə əmlakı və xərcləri araşdırılacaq, həyat yoldaşlarının, övladlarının və onların həyat yoldaşlarının sahibkarlıq fəaliyyəti daha ciddi nəzarətə götürüləcək.

Qərarda qeyd olunur ki, aparıcı vəzifələrdə çalışan şəxslərin şəxsi məlumatları və əmlak vəziyyəti ilə bağlı hesabat sistemi təkmilləşdirilməlidir. Rəsmi gəlirlərlə müqayisədə ailə aktivlərinin və xərclərinin əhəmiyyətli dərəcədə yüksək olduğu hallar araşdırılacaq.

Bundan başqa, nəzarət tədbirlərinin vəzifədən ayrıldıqdan və pensiyaya çıxdıqdan sonra da davam etdirilməsi nəzərdə tutulur. Məmurların məsuliyyətdən yayınmaq məqsədilə vəzifələrindən istefa verməsinin qarşısının alınması da əsas hədəflər sırasındadır.

Çin hakimiyyəti, həmçinin dövlət qulluqçuları arasında Kommunist Partiyasına sədaqətin gücləndirilməsi, partiyanın və ölkənin tarixinin, islahatların və sosializmin inkişafının öyrənilməsinə daha çox diqqət ayrılması barədə tapşırıqlar verib.

Aydın