
Kristof Baumann-Kesten Beynəlxalq Valyuta Fondunun (BVF) İsveçrə ölkələr qrupunun icraçı direktoru vəzifəsində fəaliyyətə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Kristof Baumann-Kesten sosial şəbəkə hesablarında məlumat yayıb.
O, təyinatına Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Lixtenşteyn, Polşa, Serbiya, İsveçrə, Tacikistan, Türkmənistan və Özbəkistanın dəstək verdiyini bildirib.
Baumann-Kesten qeyd edib ki, BVF-nin İcraçı Şurasında bu qədər geniş və fərqli dövlətlər qrupunu təmsil etmək həm böyük imtiyaz, həm də ciddi məsuliyyətdir. O, göstərilən etimada və dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, BVF-də İsveçrə ölkələr qrupu inkişaf etməkdə olan bazar iqtisadiyyatına malik dövlətlərlə yanaşı, regionun inkişaf etmiş ölkələrini də birləşdirir. Bu qrup beynəlxalq maliyyə institutlarında üzv dövlətlərin maraqlarının müdafiəsi və mövqelərinin uzlaşdırılması istiqamətində fəaliyyət göstərir.