Xəbər lenti

Qəhvənin içilmə vaxtı ürək sağlamlığına təsir edə bilər (ARAŞDIRMA)
Sağlamlıq08:45 02.11.2026

Qəhvənin içilmə vaxtı ürək sağlamlığına təsir edə bilər (ARAŞDIRMA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəhvənin sağlamlığa təsiri təkcə onun miqdarından deyil, günün hansı saatında içilməsindən də asılı ola bilər. Araşdırma zamanı səhərlər qəhvə içən insanlarda ürək-damar xəstəliklərindən ölüm riskinin daha aşağı olduğu müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın RTL.hu nəşri məlumat yayıb.

Tədqiqatçılar 40 725 yetkin insanın məlumatlarını təhlil edərək, təxminən 10 il ərzində onların qəhvə istehlakı vərdişlərini izləyiblər. Araşdırmada iştirakçıların nə qədər qəhvə içməsi ilə yanaşı, bu içkini günün hansı vaxtında qəbul etməsi də nəzərə alınıb.

Nəticələrə əsasən, əsasən səhər saatlarında qəhvə içən şəxslərdə ürək-damar xəstəliklərindən ölüm riski ümumiyyətlə qəhvə içməyənlərlə müqayisədə 31 faiz, bütün səbəblərdən ölüm riski isə 16 faiz aşağı olub. Qəhvəni gün ərzində müxtəlif saatlarda içənlərdə isə bu cür nəzərəçarpan əlaqə aşkarlanmayıb.

Tədqiqatçılar səhər qəhvəsinin mümkün təsirini orqanizmin bioloji saatı ilə əlaqələndirirlər. Onların ehtimalına görə, günortadan sonra və axşam qəbul edilən kofein yuxunun tənzimlənməsində mühüm rol oynayan melatonin hormonunun istehsalına təsir göstərə, nəticədə yuxunun keyfiyyətini pisləşdirə bilər. Qəhvənin tərkibindəki antioksidantların və iltihabəleyhinə təsir göstərən maddələrin də müəyyən rol oynaya biləcəyi istisna edilmir.

Bununla belə, alimlər vurğulayırlar ki, araşdırma müşahidə xarakteri daşıyır və səhər qəhvəsinin birbaşa ölüm riskini azaltdığını sübut etmir. Tədqiqatda səhər qəhvəsi saat 04:00-dan günorta 12:00-dək içilən qəhvə kimi müəyyənləşdirilib. Bu isə günortadan sonra qəhvə içməyin mütləq zərərli olduğu anlamına gəlmir.

Mütəxəssislər qəhvə istehlakında fərdi xüsusiyyətləri və yuxunun keyfiyyətini nəzərə almağı tövsiyə edirlər. Kofein yuxuya getməyi çətinləşdirirsə və ya yuxunun keyfiyyətini azaldırsa, sonuncu fincanı daha erkən saatlarda içmək məqsədəuyğundur.

Aydın